Məhkəmə qərarları › İş №3(003)-1132/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1132/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1132/2022 02.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0167/22 nömrəli, 05 avqust 2022-ci il tarixli protokola əsasən Şəxs MMC-nin ünvanına Fransadan göndərilən ümumi gömrük dəyəri 3293,76 manat olan 1 ədəd «metal dayaq» yükü 10 mart 2022-ci il tarixdə **********0549 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 09 iyul 2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin müvəqqəti saxlanc müddətnin bitməsinə baxmayaraq qeyd olunan mallar Şəxs MMC tərəfindən rəsmiləşdirilməmiş və müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinə və Şəxs MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC tərəfindən malların saxlanc müddəti pozulmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə məsuliyyəti yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə bilinib 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar