Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1157/2021 13.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X2 nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 13 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(003)-6975/2020 nömrəli 24 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 27087 (iyirmi yeddi min səksən yeddi) manat məbləğində pul tutularaq X4 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan adı çəkilən icra sənədini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Hazırda borclu Şəxs tələbkar X4 27087 (iyirmi yeddi min səksən yeddi) manat borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu Şəxs adı çəkilən icra sənədi üzrə indiyə qədər heç bir ödəniş etməmiş, izahatında bu günə qədər yığılmış 27087 (iyirmi yeddi min səksən yeddi) manat borcunu hal-hazırda maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan icra sənədini indiyə qədər icra etməmişdir, onunla aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X2 nümayəndəsi X8 bildirdi ki, yaranmış borcun tam ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu ödəyə bilmir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, ona bir qədər müddət verilərsə, borcunu hissə-hissə ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan portal çıxarışın surətindən görünür ki, Şəxs himayəsində 06 avqust 2009-cu il təvəllüdlü X6 və 15 aprel 2011-ci il təvəllüdlü X7 vardır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, tələbkarın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 34-1-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini tam ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Bununla belə, məhkəmə hesab edir ki, Şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olması onun barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi mümkün olmadığı üçün Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 34-1, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə ona 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1157/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1157/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver