Məhkəmə qərarları › İş №3(003)-117/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-117/2024

01.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-117/2024 01.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər RPİ 1-cü PŞ-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 442, 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən (bundan sonra mətndə Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Şəxs barəsində Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN№1830955 saylı, İXM-nin 535.1-ci maddəsi ilə MN№1830954 saylı, İXM-nin 442-ci maddəsi ilə MN№1830953 saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən plastik sexi kimi fəaliyyət göstərən obyektdə protexniki vasitələrin qanunsuz satışı ilə məşğul olması aşkar edilmişdir. Aşkar olunmuş vasitələrin qanunla qadağan olması ona izah edilsə də o, polisin qanuni tələblərinə məhəl qoymamış, onlara müqavimət göstərmişdir. Məhkəmə iclasında Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi X3 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən plastik sexi kimi fəaliyyət göstərən obyektdə protexniki vasitələrin qanunsuz satışı ilə məşğul olması aşkar edilmişdir. Aşkar olunmuş vasitələrin qanunla qadağan olması ona izah edilsə də o, polisin qanuni tələblərinə məhəl qoymamış, onlara müqavimət göstərmişdir. Bu səbəbdən Şəxs barəsində hazırda Azərbaycan Respublikası İXM-nin 442, 535.1 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, şəhid ailəsi olduğuna görə ona bu işlə məşğul olmağa hər il icazə verilmişdir. Onda 400-500 manatlıq mal olmuşdur. Ona həmin malların satışı ilə məşğul olmasına rəsmi icazəsi verilməmişdir. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyini, müqavimət göstərdiyini əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən plastik sexi kimi fəaliyyət göstərən obyektdə protexniki vasitələrin qanunsuz satışı ilə məşğul olması aşkar edilmişdir. Aşkar olunmuş vasitələrin qanunla qadağan olması ona izah edilsə də o, polisin qanuni tələblərinə məhəl qoymamış, onlara müqavimət göstərmişdir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 442, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 510-cı maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hall kimi qiymətləndirir. İş üzrə tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli AZA 019908 tutma haqqında protokoldan görünür ki, Şəxs 30 dekabr 2023-cü il tarixdə saat 15:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 30 dekabr 2023-cü il tarixdə saat 15:40-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 30 dekabr 2023-cü il tarixdə saat 15:40-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar