Məhkəmə qərarları › İş №3(003)-1192/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1192/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1192/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 iştirakı ilə Şəxs 19 oktyabr 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 12 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1113/2017 saylı, 12 may 2017-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1113/2017 saylı, 12 may 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 10000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq X1 ödənilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 02 aprel 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qərarı ilə borclunun mülkiyyətində olan «Qaz 24» minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu tələbkara cəmi 300 manat ödəniş etmişdir. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, 2016-cı ildən 2019-cu ilədək cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Ona görə də, tələbkara olan borcundan ödəniş edə bilməmişdir. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra yaşına və İİ qrup əlil olduğuna görə iş tapa bilməmiş və ödəniş edə bilməmişdir. Bu müddət ərzində cəmi 300 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən verilmiş müddət ərzində isə 200 manat ödəniş etmiş, qalan borcu isə hissə-hissə olmaqla ödəyəcəkdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1113/2017 saylı, 12 may 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 10000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq X1 ödənilməlidir. İş materiallarına əlavə olunmuş 22 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs Ağayev Ağaverdinin hesabına 200 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs işləmədiyinə görə tələbkara olan borcundan ödəniş edə bilməmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1113/2017 saylı, 12 may 2017-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Hazırda isə tələkara olan borcundan 200 manat ödəniş etmişdir və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar