Məhkəmə qərarları › İş №3(003)-1192/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1192/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1192/2024 03.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X5 İdarəsinin xidmət üzrə rəis müavini X8 tərəfindən tərtib edilmiş 19 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 19 may 2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, taksi fəaliyyəti ilə məşğul olur və həmin fəaliyyət ilə məşğul olmaq üçün bütün sertifikatları və müvafiq icazələri vardır. Taksi kimi əsasən operatorlarla əməkdaşlıq edir və sifarişlər ona xüsusi mobil tətbiq üzərindən göndərilir. Eyni zamanda, verilmiş sifariş üzrə gediş haqqı operator tərəfindən müəyyən olunduğundan, taksi fəaliyyəti göstərmək üçün maşınında taksometr quraşdırılmamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində mobil tətbiq üzərindən verilmiş sifarişi qəbul etdikdən sonra müştərini götürmək üçün X6 Hava Limanının ərazisinə gəlmişdir. Maşını park etdikdən sonra müştərini qarşılamaq üçün maşından düşmək istədikdə, ona 2 nəfər şəxs yaxınlaşaraq, maşını ərazidən çıxarmağını istəmişlər. Onlara müştəri dalınca gəldiyini desə də, onlar buna əhəmiyyət verməmişlər. Onlara taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrinin olduğunu bildirib, buna dair sənədləri onlara təqdim etsə də, onlar maşınında taksometr cihazının olmadığını əsas gətirib, onu X5 İdarəsinə aparmışlar. Həmin polis əməkdaşlarına taksi şirkəti ilə əməkdaşlıq etdiyini, sifarişlərin və gediş haqqlarının daşıyıcı şirkət tərəfindən müəyyən edildiyindən taksometrə ehtiyac olmadığını bildirsə də, barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokol tərtib etmişlər. Polis əməkdaşlarının hərəkətlərini qanunsuz hesab etdiyindən, onların barəsində AR DİN-nin 102 xidmətinə məlumat vermişdir. Şikayəti əsasında yenidən X5 İdarəsinə dəvət edilmiş və şikayəti ilə bağlı izahatını vermiş, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini istəsə də, nəticəsi olmadığından onlara məhkəməyə şikayət edəcəyini bildirmiş, barəsində qəbul edilən qərarı təqdim etmələrini xahiş etmişdir. xx.xx.2024cü il tarixdə ona barəsində Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və "İnzibati tənbeh vermə haqqında" xx.xx.2024-cü il tarixli MNN1567607 nömrəli qərarın surəti təqdim edilmişdir. Həmin qərara əsasən barəsində 50 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X5 İdarəsinin xidmət üzrə rəis müavini X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 Adil oğlu xx.xx.2024-cü il tarixdə sifariş götürmək üçün Heydər Əliyev adına Beynəlxalq hava Limanına gəlmiş, müştərini gözləyərkən polis ona yaxınlaşmış, orada maşını saxlamamalı olduğunu bildirmiş, o, isə hər kəs kimi ödənişi etdiyini, polisin qeyd etdiyi xüsusatla əlaqədar şikayət vermək istədiyini bildirdikdə onlar şəxsi X5 İdarəsinə aparmışlar. Orada şikayətini qeydə almadıqlarını, onun taksi ilə məşğul olarkən taksometrinin olmadığını qeyd edərək barəsində xx.xx.2024-cü il tarixli protokol tərtib etmişlər. O, isə “Bolt” tətbiqi vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olduğunu, sifarişlərin və gediş haqlarının daşıyıcı şirkət tərəfindən müəyyən edildiyini, buna görə də taksometrə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X5 İdarəsinin xidmət üzrə rəis müavini X8 tərəfindən tərtib olunmuş 19 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 barəsində taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. X7 çıxarışdan görünür ki, X4 həqiqətən də “Bolt” tətbiqi vasitəsi ilə taksi fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 322.0.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına, yəni: “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə - əlli manat məbləğində cərimə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 barəsində taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs “Bolt” tətbiqi vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olduğundan, sifarişlərin və gediş haqlarının daşıyıcı şirkət tərəfindən müəyyən edilməsi ilə əlaqədar taksometrə ehtiyac olmadığından onun barəsində tərtib olunmuş 19 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şəxsin “Bolt” tətbiqi vasitəsi ilə işlədiyi iş üzrə sübut olunduğu üçün və həmin fəaliyyət zamanı gediş haqqı avtomatik müəyyən olunduğu üçün taksometrlə fəaliyyət göstərməsi məcburi deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin olunaraq, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X5 İdarəsinin xidmət üzrə rəis müavini X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X5 İdarəsinin xidmət üzrə rəis müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar