Məhkəmə qərarları › İş №3(003)-1194/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1194/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1194/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, 1536 nömrəli bağ ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs üzərinə X5 qarşı işlətdiyi “bic doğan, ədəbsiz, küçədə qalmış, şərəfsiz, vicdansız” kimi sözlərə görə yazılı şəkildə təkzib göndərərək (ünvanlayaraq) üzr istəmək vəzifəsi qoyulmalı, mənəvi ziyanın əvəzi kimi Şəxs 1000 manat, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35 manat pul vəsaiti alınaraq X5 verilməli, həmçinin 104 manat ekspertiza xərci Şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, iyul ayında həmin qərar və tələbin könüllü icrası haqqında bildiriş Şəxs təqdim edilmişdir. Şəxs üzr istəməsi barədə ərizə yazmış, lakin mənəvi ziyan və digər ödənişlərlə bağlı heç bir addım atmamış, dəfələrlə icra şöbəsinə dəvət olunmuş, lakin gəlməmişdir. Nəticədə barəsində axtarış elan olunmuşdur. Həmçinin qeyd etdi ki, Şəxs yenidən kassasiya şikayəti verməsini bildirir, lakin bununla bağlı icra şöbəsinə hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, apellyasiya instansiya məhkəməsinin qərarı ilə bağlı məlumatı olmamış, sonra icra məmuru Mübariz Abbasov onunla əlaqə saxlayaraq icra sənədi barədə ona bildirmişdir. Bundan sonra aprel ayında Ali Məhkəmənin qərarını almış və yenidən əlavə kassasiya qaydasında şikayət vermişdir. İzahatında həmçinin bildirdi ki, icra məmurunun tələbi əsasında üzr istəmişdir. Özünü təqsirli bilmədiyindən isə pulu ödəmir, əlavə kassasiya qaydasında onun təqsiri müəyyən edilərsə onda pulu ödəməyə razı olar. Məhkəmə iclasında iştirak edən zərərçəmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs tərəfindən kassasiya qaydasında verilmiş şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Ona görə də icra sənədinin icrasının təmin olunmasını tələb edir və Şəxs barəsində inzibati qaydada tənbeh tətbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs üzərinə X5 qarşı işlətdiyi “bic doğan, ədəbsiz, küçədə qalmış, şərəfsiz, vicdansız” kimi sözlərə görə yazılı şəkildə təkzib göndərərək (ünvanlayaraq) üzr istəmək vəzifəsi qoyulmalı, mənəvi ziyanın əvəzi kimi Şəxs 1000 manat, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35 manat pul vəsaiti alınaraq X5 verilməli, həmçinin 104 manat ekspertiza xərci Şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. -Bakı Apellyasiya Məhkəməsinin Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4538/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldığı bildirilmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə müvafiq icra hərəkətlərinin davam etdirməklə nəticəsi barədə Bakı Apellyasiya Məhkəməsinə məlumat verilməsi xahiş olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4538/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Şəxs tərəfindən əlavə kassasiya şikayəti verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumatı vardır və ona icra məmuru tərəfindən icra sənədinin könüllü icrası üçün 10 gün vaxt müəyyən edilmişdir. Şəxs tələbin könüllü icrası barədə bildiriş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2023-cü il tarixdə təqdim edilməsinə baxmayaraq hal-hazıradək icra sənədi üzrə tələblər qismən yerinə yetirilməklə, yəni X2 üzr istəməsi tələbi yerinə yetirilməsinə baxmayaraq, mənəvi zərərə görə 1000 manatın və dövlət rüsumuna görə 35 manatın X5, 104 manat ekspertiza xərcinin ekspertiza mərkəzinin hesabına ödənilməsi hissəsində icra etməmiş, icra etməkdən isə imtina edir. İmtinasının səbəbi isə əlavə kassasiya qaydasında şikayət verməsindən ibarətdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tam icra edilməsindən imtina etməsi əsassızdır. Belə ki, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4538/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.7-ci maddəsinə görə icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4538/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından Şəxs tərəfindən əlavə kassasiya şikayət verilməsi halının isə qeyd olunan qanunvericilikdə icra sənədi üzrə icraatın dayandırılmalı olan hal kimi nəzərdə tutulmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı dərhal qüvvəyə minir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar