Məhkəmə qərarları › İş №3(003)-1197/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1197/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1197/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə Şəxs (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 482.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən 06 sentyabr 2021-ci il tarixdə ***-*******2 nömrəli aviaqaimə ilə Şəxs MMC-nin hüquqi ünvanına Türkiyə Respublikasından daxil olan 4 yer, ümumilikdə 218 kq olan yük, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür. Yüklərə baxış zamanı ümumilikdə 218 kq olan yükün içərisində olan 47 ədəd ümumi dəyəri 456,03 ABŞ dolları bağlamanın manifestdə qeyd edilmədiyi, 13 ədəd ümumi dəyəri 575,84 ABŞ dolları təşkil edən bağlamaların isə manifestdə olmasına baxmayaraq faktiki olaraq mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda həmin yüklərin içərisində olan yüklərdən 71 kq olmaqla ümumi dəyəri 8013,98 türk lirəsi dəyərində yüklərin kommersiya təyinatlı olması barədə şübhə formalaşmışdır. Araşdırma məqsədilə ümumi çəkisi 218 kq olan yük və yükə aid olan sənədlər protokol əsasında götürülmüşdür. Araşdırma nəticəsində MMC-nin nümayəndəsi və materiala əlavə edilmiş sübutlardan müəyyən edilmişdir ki, ***-*******2 nömrəli aviaqaimə ilə "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından daxil olan 4 yer ümumilikdə 218 kq olan yükün içərisində olan 13 ədəd ümumi dəyəri 575,84 olan bağlamaların adı manifestdə göstərilsə də faktiki olaraq mövcüd olmadığı 47 ədəd ümumi dəyəri 456,03 olan malların isə sözü gedən aviaqaimə üzrə göndərilən manifest üzrə gömrük orqanına bəyan edilmədiyi, eyni zamanda "xxxx" MMC tərəfindən daşınması həyata keçirilən malların içərisində olan ümumi çəkisi 71 kq dəyəri 8013,98 türk lirəsi təşkil edən yükün kommersiya məqsədli olması müəyyən olunmuşdur. Bu barədə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 tərəfindən 15 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 göstərdi ki, Şəxs MMC bir ildir ki, yaransa da, 6 aydır ki, fəaliyyət göstərir. 06 sentyabr 2021-ci il tarixdə Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından daxil olan 4 yer, ümumilikdə 218 kq olan yükün gömrük orqanı tərəfindən saxlanıldığı onlara məlum olmuşdur. Belə ki, mallar “Smart customs” proqramında bəyan olunduqdan sonra sistemdə “Status” bölməsində “bəyan edilib” sözü qeyd edilir. Onların Türkiyə Respublikasında yerləşən anbarında malları çuvallayan işçiləri isə malları çuvallara yığan zaman barkod scanner aparatı ilə malları yoxladıqda, əgər sistemdə status “bəyan olunub” yazılıbsa malları çuvallara yığırlar. Bəzi mallar bəyan olunsa da sistemdə olan texniki səbəblərdən bəyan olunmamış kimi göstərilib. Bu səbəbdən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. FLYEX” MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati xətanın obyekti olan 8013,98 (səkkiz min on üç, doxsan səkkiz) türk lirəsi valyuta vəsaiti məbləğinin qırx faizi – 3205,60 (üç min iki yüz beş,altmış) türk lirəsi məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 05.10.2021-ci il tarixə 1 türk lirəsi 0.1920 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 3205,60 (üç min iki yüz beş, altmış) türk lirəsi pul vəsaiti 615,47 (altı yüz on beş, qırx yeddi) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 8013,98 (səkkiz min on üç, doxsan səkkiz) türk lirəsinin 40 (qırx) faizi, yəni 3205,60 (üç min iki yüz beş, altmış) türk lirəsi olmaqla 615,47 (altı yüz on beş,qırx yeddi) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar