Məhkəmə qərarları › İş №3(003)-12/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-12/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-12/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Pİ-nin Sahə X2 tərəfindən tərtib olunmuş 26 noyabr 2024-cü il tarixli İnzibati Xəta haqqında EXP No-1589159 saylı protokol və onun əsasında qəbul edilmiş EPQ No-1566213 saylı inzibati xəta haqqında qərardan görünür ki, İXM-nın 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın guya onun tərəfindən törədilməsi aşkar edilmiş və 1500 manat cərimə edilmişdir. Hesab edir ki həmin qərar qanunsuz və əsassızdır. Belə ki, tərəfindən heç bir halda İXM-nın 243.0.1-ci maddəsinin tələbləri pozulmamışdır. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna va "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Qeyd edilən maddənin subyekti Yer təki haqqında Azərbaycan Respublikasının Qanununa görə "Yer təkinin istifadəçiləri" ola bilər. Eyni zamanda "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezdentinin Fərmanının 5.17. həmin Məcəllənin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların. qaydaların) tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. O, “Kamaz” markalı nəqliyyat vasitəsinin sürücüsüdür və ona tətbiq edilən inzibati tənbeh haqqında qərar qanunsuzdur. O, daş karxanasında çıxarılan və kəsilən daşların tullantı hissələri olan və mişarın ağzından çıxan yararsız daş qırıntılarını və toz hissəciklərini alıb daş bazarında satmaqla məşğuldur. Bununla yanaşı o, nə yer quruluşuna ziyan vurmuş nə qazıntı işləri aparmış nə də daş çıxartmışdır. Maşında olan tullantını qanunla yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların. qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə isə onun təqsiri olması heç nə ilə sübut edilmir, həmçinin yükdə olan yararsız daş qırıntıları və daş tozunun yer quruluşuna aid olan torpaq olması barədə də hər hansı rǝy yoxdur. Belə olan halda dövlət orqanının həmin yükün yer quruluşunun pozulmasına aid olduğunu necə müəyyən etməsi də sual doğurur. Həmçinin işə əlavə edilmiş foto şəkillərdən də aydın görünür ki, maşının üzərində olan daş qırıntılarından ibarətdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, o, sadəcə olaraq daş qırıntılarını daşımışdır. Tərtib edilmiş protokol və qəbul edilmiş qərarla razı deyil. Qərarından şikayət verilən orqana – Xəzər RPİ-nin 1-ci PŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Xəzər RPİ-nin 1-ci PŞ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 26 noyabr 2024-cü il tarixdə yerin təkindən istifadə qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi X7 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, X3 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X4 yerin təkindən istifadə ilə əlaqədar işləri yerinə yetirməmiş və onun tərəfindən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələblərini pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.1, 105.1, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar