Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1200/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərərçəmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclaslarında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5913/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X5 12000 ABŞ dolları məbləğində borcun və 151 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq X6 və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6404/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 17000 manat məbləğində pul vəsaiti və 141 manat məbləğində dövlət rüsumu alınaraq X4 ödənilməlidir. Hər iki icra sənədi barəsində X10 məlumat verilmişdir. Lakin icra sənədləri üzrə tələblərinin yerinə yetirməsindən və çağırışlardan yayındığından barəsində axtarış elan olunmuşdur. Hazırda polis əməkdaşları tərəfindən saxlayaraq icra şöbəsinə gətirilmişdir. İzahatında həmçinin bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6404/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi barəsində rəsmi qaydada X10 məlumat verilməmiş, lakin həmin icra sənədi barədə məlumatı vardır. Belə ki, həmin icra sənədi üzrə rəsmi qaydada məktub və sms göndərilmişdir. Məhkəmə iclaslarında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 bildirmişdir ki, icra sənədləri üzrə ondan tutulmalı olan pulu o, biznes üçün zərərçəkmiş şəxslərdən alıb başqa şəxsə vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5913/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbkar X7 tanımır, digər tələbkar ilə isə qohumluq əlaqələri vardır. 2023-cü il tarixdə ana olmuş və bu səbəbdən işləyə bilməmişdir. Həmçinin borcunun bir hissəsinin ödənilməsi və ya tələbkarla razılıq əldə edilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Daha sonra bildirmişdir ki, zərərçəkmiş şəxslərlə danışmış, lakin razılıq əldə etməmişdir. Hazırda icra sənədlərinin verilməsinə əsas olmuş qətnamələrdən apellyasiya şikayəti vermişdir. Belə ki, o, pul məbləğlərini almamış, həmin məbləğlər onda deyil. Pul məbləğlərini alıb başqa şəxsə biznes məqsədi ilə vermişdir. Pulun qaytarılması barədə söz verməsinə baxmayaraq imkanı olmadığından qaytara bilməmişdir. Məhkəmə iclasında iştirak edən X9 bildirdi ki, notariusda pul veriləndə X12 ona narahat olmamasını və pulu özü qaytaracağına dair söz vermişdir. X8 imkanı yaxşıdır, əri işləyir. Buna baxmayaraq uzun müddətdir ki, pulu ödəməkdən yayınır. İş materiallarında olan: -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5913/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, X5 12000 ABŞ dolları məbləğində borcun və 151 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq X6 ödənilməlidir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6404/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, X5 17000 manat məbləğində pul vəsaiti və 141 manat məbləğində dövlət rüsumu alınaraq X4 ödənilməlidir. -xx.xx.2024-cü il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilmsi haqqında qərardan görünür ki, Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5913/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6404/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərini bir icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş apellyasiya şikayətlərindən görünür ki, X12 tərəfindən ötürülmüş prosessual müddətinin bərpasına dair ərizələr ilə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5913/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6404/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələrindən apellyasiya şikayətləri verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5913/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6404/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələri əsasında verilmiş icra sənədləri barəsində Xəzər rayon İcra şöbəsi tərəfindən X10 (rəsmi qaydada təqdim etmə, poçt vasitəsilə göndərilmə və sms göndərmə vasitələri ilə) məlumat verilmiş, iş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, həmin icra sənədi üzrə tələblərin könüllü icrası üçün icra məmuru tərəfindən X10 10 gün müddət müəyyən edilmişdir. Lakin halhazıradək həmin icra sənədləri üzrə heç bir ödəniş aparılmamışdır. Ödəniş etməməsinin səbəbləri - pulu o götürsədə başqa şəxsə verməsindən və həmin şəxs tərəfindən borcun qaytarılmalı olmasından, azyaşlı uşağının olmasından və işləməməsindən ibarətdir. Məhkəmə hesab edir ki, göstərilən səbəblərin üzürlü hesab edilməsinin qəbul edilməsi mümkün deyil. Belə ki, bu müddət ərzində icra sənədləri üzrə tələblərin yerinə yetirilməsi, zərərçəkmiş şəxslərlə razılıq əldə edilməsi üçün hər hansı bir addımın onun tərəfindən atılması da müəyyən edilməmişdir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5913/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6404/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələri ilə bağlı uzun müddət məlumatının olmasına baxmayaraq məhz hazırda apellyasiya şikayətlərinin verilməsini məhkəmə, həmin qətnamələr əsasında verilmiş icra sənədləri üzrə tələblərin yerinə yetirilməsindən onun tərəfindən yayınması kimi qəbul edilməsini istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X8 əməlində Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Himayəsində azyaşlı uşağının olmasını məhkəmə, X8 iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. İş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. X8 törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1200/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1200/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver