Məhkəmə qərarları › İş №3(003)-1205/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1205/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1205/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra mətndə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) nümayəndəsi X8, Şəxs Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə Şəxs ASC) nümayəndəsi X2 iştirakları ilə Şəxs ASC-nin barəsində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.1 və 266.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında protokola əsasən Xəzər rayonu Buzovna qəsəbəsi Ağəmi Rəhimov küçəsində çirkab su təmizləyici nasosxananın fəaliyyətinə nəzarət olunmamış, tullantı suları yolun əks tərəfinə axıdılmış və emal yeri müəyyən edilməmişdir. Bununla bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X6 tərəfindən Şəxs ASC-nin barəsində 09 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 266.1 və 266.2-ci maddələri ilə inzibati xəta haqqında MN № 1200492/185 saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsinin 24 avqust 2021-ci il tarixli 04- 22/1/5880-2021 saylı və Xəzər rayon İcra Hakimiyyətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı 02 avqust 2021-ci il tarixli ES-248 saylı Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsi Ağəmi Rəhimov küçəsində yaşayan sakinlərin ərazidə fəaliyyət göstərən çirkab su təmizləyici qurğuların işlək vəziyyətdə olmaması, antisanitariya vəziyyət yaranması ilə bağlı məktuba əsasən Xəzər RİH-nin nümayəndəsi Vüqar Sadıqovun, Xəzər rayon Sukanal İdarəsinin sahə rəisi Rafiq Sadıqovun iştirakları ilə yerində araşdırılma aparılması üçün baxış keçirilmişdir. Məlum olmuşdur ki, əvvəllər Müdafiə Sənayesi Nazirliyinin "xxxx" X1 balansında olmuş kanalizasiya şəbəkə qurğuları 01 may 2013-cü il tarixdə Şəxs ASC-nin balansına verilmişdir. Hal-hazırda sözügedən ərazidə çirkab su təmizləyici qurğuların normal fəaliyyət göstərməməsi öz təsdiqini tapmışdır. Bundan başqa, həmin ərazidə yaşayış binalarından və fərdi yaşayış evlərindən toplanaraq təmizlənən çirkab sularının tullatılarının emal yerlərə düzgün müəyyənləşdirilmədən Buzovna-Maştağa yolunun sol hissəsindəki “SOCAR” Yanacaq doldurma məntəqəsinin arxa tərəfində olan çöllük əraziyə axıdılması, həmin yerdə üfunət qoxulu antisanitariya vəziyyətli gölməçə yarandığı müəyyən olunmuşdur. Buna görə də Şəxs ASC-nin tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi X5 göstərdi ki, bu məsələnin Şəxs ASC-nə aidiyyəti yoxdur. Belə ki, əvvəllər Müdafiə Sənayesi Nazirliyinin "xxxx" X1 balansında olmuş həmin kanalizasiya şəbəkə qurğuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli 345s saylı Sərəncamına əsasən 01 may 2013-cü il tarixdə mövcud vəziyyətdə Şəxs ASC-nin balansına verilmişdir. Təxminən 50 il bundan əvvəl istifadəyə verilmiş qurğuların istismar müddətləri vardır. Hazırda həmin çirkab su təmizləyici qurğuları işlək vəziyyətdə deyil və dağılaraq istifadəyə yararsız vəziyyətə düşmüşdür. Şəbəkə yoxdur, o olmasa Şəxs ASC suyu axıda bilmir. Mərdəkan ərazisində hələ kanalizasiya sistemi başa çatmayıb. Mərdəkan, Buzovna, Hövsan əsas su emalı hissələri sayılır. Yoxlanandan sonra su təmiz olduqda dənizə axıdılır. Emal yeri Hövsanda yerləşir. Emal yeri dedikdə qurğu nəzərdə tutulur, həmin qurğunu isə Şəxs ASC-nə "xxxx" X4 vermişdir. Onu da qeyd edir ki, bu, xətdən axan su deyil, "xxxx" X3 məxsus 7 ədəd dörd və beş mərtəbəli yaşayış binalarından və yaxınlıqda yerləşən fərdi yaşayış evlərindən çıxan tullantı çirkab sularıdır ki, toplanaraq nasoslar vasitəsilə çirkab su təmizləyici qurğularına ötürülür. Şəxs ASC heç bir layihələndirmə etməmişdir, qurğu problemi yoxdur. Yaşıllıq parkının yaxınlığında olsaydı, bu ola bilərdi, istismarın dayandırılması halı da olmayıb. Çirkab suların axıdılması əsaslandırılmalı, ərazidən götürülmüş çirkab sularının laboratoriya analizlərinin nəticələri məhkəməyə təqdim edilməlidir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs ASC-nin barəsində hazırkı protokolu Azərbaycan Respublikası İXM-nin 266.1 və 266.2-ci maddələri ilə düzgün tərtib etməmişdir, çünki, sözügedən inzibati xəta həmin maddələrin tərkibini təşkil etmir. Hesab edir ki, Şəxs ASC-nin əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Buna görə də inzibati xəta haqqında protokolun təmin edilməməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin və Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsinin 24 avqust 2021ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Departamentinə ünvanlanmış məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə daxil olmuş, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinin Albalı yaşayış sahəsinin A.Rəhimli küçəsində yaşayan bir qrup sakininin Albalılıq yaşayış sahəsi ərazisində yerləşən çirkab su təmizləyici qurğularından yayılan üfunətli iy-qoxudan və həmin qurğulara nəqliyyat vasitələri ilə tullantılar daşınaraq atılmasından yaranmış narahatlıq barədə kollektiv şikayət ərizəsi tərəflərindən, Buzovna qəsəbəsi İnzibatı Ərazi Dairəsinin, Bakı şəhər Sukanal və Xəzər rayon Sukanal idarələrinin nümayəndələrinin iştirakı ilə araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, yuxarıda göstərilən ünvanda 3,5 ha torpaq sahəsində yerləşən, istehsal gücü ay ərzində 5000 m” olan çirkab su təmizləyici qurğuları 1969-cu ildən "xxxx" X1 tabeliyində fəaliyyətə başlayaraq 2015-ci ildən Şəxs ASC-nin balansına verilmişdir. "xxxx" X3 məxsus yeddi ədəd dörd və beş mərtəbəli yaşayış binalarından və yaxınlıqda yerləşən fərdi yaşayış evlərindən çıxan tullantı çirkab suları toplanaraq nasoslar vasitəsilə çirkab su təmizləyici qurğularına ötürülür. Hal-hazırda çirkab su təmizləyici qurğuları işlək vəziyyətdə deyil və baxımsızlıq səbəbindən dağılaraq istifadəyə yararsız vəziyyətə düşmüşdür. Buraya daxil olan tullantı çirkab suları üstü açıq kanallar vasitəsilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan torpaq sahəsinə axıdılır. Qeyd edilən çatışmazlıqların ətraf ərazilərdə yaşayan sakinlərin narahatlığına səbəb olmaqla sanitariya-epidemioloji vəziyyətin gərginləşməsinə şərait yaratdığını nəzərə alaraq tədbir görülməsi üçün Şəxs ASC-nə 06 iyul 2021-ci il tarixli, 04-22/1/4726 nömrəli, 05 avqust 2021-ci il tarixli, 04-22/1/5457 nömrəli məktublarla müraciət edilmiş, lakin yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməmişdir. Göstərilənləri nəzərə alıb, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək, Xəzər rayonu Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsi ərazisində yerləşən çirkab su təmizləyici qurğusunun texniki cəhətdən istismara yararsız vəziyyətə düşməsi və çirkab suların ətraf əraziyə axıdılması ilə bağlı pozuntular “X7 haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün göndərilmişdir. İş materiallarında olan Şəxs ASC-nin 24 dekabr 2013-cü il tarixli, 684 saylı əmrinin surətindən görünür ki, Xəzər rayon Sukanal idarəsinin balansında olan, balans dəyəri 81177,12 manat, köhnəlməsi 81177,12 manat olan “Sahə xaricində navalça (axan kanalizasiya)” D-120 mm uzunluğu 2580 p/m dəmir-beton boru əvəzsiz olaraq Bakı şəhər Sukanal idarəsinin balansına verilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, ərazidə çirkab su gölməçələri mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345s saylı sərəncamından görünür ki, Nazirlik, komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Şəxs Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345s saylı sərəncamına əsasən Nazirlik, komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Şəxs ASC-nin balansına verilmişdir. Şəxs ASC-nin 24 dekabr 2013-cü il tarixli, 684 saylı əmrinə əsasən Xəzər rayon Sukanal idarəsinin balansında olan, balans dəyəri 81177,12 manat, köhnəlməsi 81177,12 manat olan “Sahə xaricində navalça (axan kanalizasiya)” D-120 mm uzunluğu 2580 p/m dəmir-beton boru əvəzsiz olaraq Bakı şəhər Sukanal idarəsinin balansına verilmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsinin A.Rəhimli küçəsində yaşayan bir qrup sakininin Albalılıq yaşayış sahəsi ərazisində yerləşən çirkab su təmizləyici qurğularından yayılan üfunətli iy-qoxudan və həmin qurğulara nəqliyyat vasitələri ilə tullantılar daşınaraq atılmasından yaranmış narahatlıq barədə şikayət ərizələrinə əsasən Xəzər RİH-nin nümayəndəsi Vüqar Sadıqovun, Xəzər rayon Sukanal İdarəsinin sahə rəisi Rafiq Sadıqovun iştirakları ilə yerində araşdırılma aparılılma aparılması üçün baxış keçirilmişdir. Məlum olmuşdur ki, ərazidə fəaliyyət göstərən çirkab su təmizləyici qurğuların normal fəaliyyət göstərməməsi öz təsdiqini tapmışdır. Bundan başqa, həmin ərazidə yaşayış binlarından və fərdi yaşayış evlərindən toplanaraq təmizlənən çirkab suların tullantılarının emal yerlərə düzgün müəyyənləşdirilmədən Buzovna-Maştağa yolunun sol hissəsi “SOCAR” Yanacaq doldurma məntəqəsinin arxa tərəfində olan çöllük əraziyə axıdılması, həmin yerdə üfunət qoxulu antisanitariya vəziyyətli gölməçə yarandığı müəyyən olmuşdur. 07 sentyabr 2021-ci il il tarixdə tərtib edilmiş akt və fotoşəkillər əsasında 09 sentyabr 2021-ci il tarixdə Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 266.1 və 266.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, fotoşəkillərdən müəyyən etmək olur ki, ərazidə çirkab su gölməçələri mövcuddur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs ASC çirkab suları şəhər və digər yaşayış məntəqələri və faydalı qazıntı yataqlarının olduğu yerlərin çirkləndirmiş və və bununla da Azərbaycan Respublikasının İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eyni zamanda tullantıların emalı yerlərini müəyyənləşdirməməklə həmin Məcəllənin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs ASC eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və ona 266.2-ci maddənin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ASC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10000 (on min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar