Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1208/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gasanov Makhirin (Şəxs) iştirakları ilə 22 aprel 1984-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İlkin küçəsi Yeni məhəllədə qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan Gasanov Makhirin (Şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 15 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1956/2021 saylı, 13 avqust 2021ci il tarixli icra vərəqəsinə əsasən Gasanov Makhirdən (Şəxs) 5000,00 (beş min) manat məbləğində pul alınaraq X5, 11014,00 (on bir min on dörd) ABŞ dolları alınaraq X2 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Gasanov Makhirə (Şəxs) göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan icra vərəqəsini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu borcunu hal-hazırda maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər icra etməmiş, bu isə tələbkarın çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Gasanov Makhir (Həsənov X9) ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 göstərdi ki, borclu heç bir üzrlü səbəb olmadan qanuni qüvvədə olan icra sənədini indiyə qədər icra etməyərək ödəniş etmədiyi üçün onun maliyyə vəziyyəti ağırlaşmış və o, bir sıra zəruri ödənişləri həyata keçirmək imkanından məhrum olmuşdur. Borclunun hazırda ona etdiyi təkliflər onu qətiyyən qane etmir. Buna görə də icra vərəqəsi üzrə borcun tamamilə ödənilməsinin təmin edilməsini və borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gasanov Makhir (Şəxs) göstərdi ki, o, borc məbləği ilə razı deyil, belə ki, əvvəllər etdiyi ödənişlər barədə məlumatlar onun mobil telefonunda olsa da, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişləri ona çatmamış, məhkəmə iclası onun iştirakı olmadan keçirildiyinə görə həmin məlumatları məhkəməyə təqdim edə bilməmişdir, məhkəmə onun iştirakı olmadan keçirilmiş və sözügedən qətnamə çıxarılmışdır. Qətnamədə göstərilən 5000,00 (beş min) manat məbləğlə qətiyyən razı deyildir, həmin məbləğ tələbkar tərəfindən ona qarşı uydurulmuş şər və böhtandır. O, həmin qətnamədən şikayət verməmişdir. Hazırkı müvəqqəti maddi çətinlikləri icra vərəqəsi üzrə ödəniş etməyə imkan vermir, ona bir qədər müddət verilərsə, hissə-hissə ödəniş edə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Gasanov Makhir (Şəxs) həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gasanov Makhirin (Şəxs) əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Gasanov Makhirin (Şəxs) şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun tam ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 22 aprel 1984-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İlkin küçəsi Yeni məhəllədə qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan Gasanov Makhir (Şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 15 avqust 2022-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1208/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1208/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver