Məhkəmə qərarları › İş №3(003)-1212/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1212/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1212/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Polis İdarəsi 14 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN N-1371904 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, Xəzər rayon Pİ-nin rəis müavini X3 tərəfindən tərtib olunmuş 27 may 2023-cü il tarixli İnzibati Xəta haqqında MN N- 1554041 saylı qərarından görünür ki, İXM-nın 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın guya tərəfindən törədilməsi aşkar edilmiş və həmin protokola əsasən İnzibati tənbeh vermə haqqında MN N-1371904 qərarla 1500 manat cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, tərəfindən heç bir halda İXM-nın 243.0.1-ci maddəsinin tələbləri pozulmamışdır. Yer təki haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və "Lisenziyalar və icazələr haqqınıla" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Qeyd edilən maddənin subyekti Yer təki haqqında Azərbaycan Respublikasının Qanununa görə "Yer təkinin istifadəçiləri" ola bilər. Eyni zamanda “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezdentinin Fərmanının 5.17-ci həmin Məcəllənin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsi/ aparılması tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, yer ləkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbil Sərvətlər Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qay daların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. O, Kamaz markalı nəqliyyat vasitəsinin sürücüsüdür və ona tətbiq edilən inzibati tənbeh qanunsuzdur. Bununla yanaşı, o, nə yer quruluşuna ziyan vurmuş, nə qazıntı işləri aparmış, nə də ki, daş çıxartmışdır. O, həmin vaxt yalnız tullantı zibilləri daşımış və onun yerin təkindən nə isə çıxarmağı heç bir halda sübuta yetirilməmişdir. Maşında olan tullantını qanunla yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə isə onun təqsiri olması heç nə ilə sübut edilmir, həmçinin yükün yer qurluşuna aid olan torpaq olması barədə də hər hansı rəy yoxdur. Belə olan halda dövlət orqanının həmin yükün yer qurluşunun pozulmasına aid olduğunu necə müəyyən etməsi də sual doğurur. Xəzər rayon Pİ-nın xidmət üzrə rəis müavini X2 xx.xx.2023-cü il tarixli MN N-1371904 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xilam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayəti müdafiə edərək Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN N-1371904 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN N-1371904 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 14 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. “Yerin təki haqqında” Qanunun 46-cı maddəsinə əsasən bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar: -yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa; -yerin təkindən özbaşına istifadə edilərsə; -yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa; -yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə; -geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa; -faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa; -yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə; -yeraltı suların müşahidə quyuları, markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə; -yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa; -ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə; -yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə; -yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməzsə. Göründüyü kimi şikayətçiyə istinad edilən xəta özündə yerin təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsini ehtiva edir. Şikayətçi məhkəmə iclasında verdiyi izahatında onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzədə tutulmuş inzibati xətanın törədilmədiyini qeyd etmişdir. Belə ki, müəyyən olundu ki, şikayətçi, sürücü kimi fəaliyyət göstərməklə yükün daşınması ilə məşğul olmuşdur. Onun yer təkinin istismarı və ya istifadəsi ilə məşğul olması sübut olunmamışdır. Məhkəmə hesab edir ki, X4 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli MN N1371904 saylı tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar