Məhkəmə qərarları › İş №3(003)-1217/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1217/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1217/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, zəli növlərinin ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə aparılması barədə X3 Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 25 mart 2023-cü il tarixdə “J25031” saylı Bakı-Daşkənd aviareysi ilə gedən Azərbaycan Respublikasının vətəndaşı Şəxs oqlu gömrük əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür. Şəxs qara rəngli əl çantasını təyyarənin yük yerinə verib pasport nəzarətindən keçdikdən sonra saat 21:27-də saxlanılmış, əl çantası rentgen qurğusundan keçirilmiş, çantasına yoxlama keçirilməsi üçün “X2 Aeroportu”nun 1-ci Terminalında yerləşən yoxlama otağına dəvət olunmuşdur. Yoxlama zamanı Şəxs məxsus əl çantasından 9 ədəd torbaya yığılmış 4000 (dörd min) ədəd canlı orqanizm - zəlilər aşkar edilərək götürülmüşdür. Şəxs götürülmüş zəlilər ekspertizadan keçirilməkdən ötrü, xx.xx.2023-cü il tarixli, 1900-013/0xx-xx/002029 saylı məktubla AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Həmin mərkəzin 12 mav 2023-cü il tarixli, 9/3400 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 4000 ədəd “Hirudo medicinolis” növ zəlinin orta bazar qiyməti 4000 manat müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 19 may 2023-cü il tarixli, 00800-00132/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək məhkəmədən barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs oğlu ümumi dəyəri 4000 manat məbləğində olan malları gömrük orqanına bəyan etməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 4000 ədəd “Hirudo medicinolis” növ zəli müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar