Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1218/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 448-ci və 504-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərtb etdiyi 23 may 2023-cü il tarixli 00800-00185/23 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2023-ci il tarixdə saat 15:00 radələrində Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən mobil telefonları toplayan Azərbaycan Respublikası vətəndaşı Şəxs həmin mobil telefonları istifadəsində olan qara rəngli Toyota Prado markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığarkən gömrük əməkdaşları tərəfindən saxlanılmış, avtomobilin arxa oturacağına yerləşdirdiyi sellofan paketə yoxlama keçirilmiş, yoxlama zamanı sellofan paketin içərisindən 6 ədəd İphone 14 Pro Max markalı mobil telefon, eləcə də daha sonra saxlanılan Şəxs üzərində olan və çıxarıb təqdim etdiyi 2 ədəd İphone 14 Pro Max markalı mobil telefon olmaqla, ümumilikdə 8 ədəd İphone 14 Pro Max markalı mobil telefon aşkar edilərək araşdırma aparılması üçün götürülmüşdür. Araşdırma nəticəsində aşkar edilmiş mobil telefonların İMEİ kodunun eyni olduğu məlum olmuşdur.( İMEİ kod: **********07280) Faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 448 və 504-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli 00800-00185/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/569-5/586-9/2996 saylı ekspert rəyindən görünür ki, 1.Təqdim edilmiş həssas təzyiqlə (sensorlu) çalışan səkkiz ədəd (proqram təminatındakı texniki göstəriciyə görə) “İPhone 14 Pro MAX” markalı “3F888LL/A modelli mobil smartfonlar eyni markalı orijinal mobil smartfonlarla eynilik təşkil etməyərək kontrafakt (saxta) məhsullara aiddir. 2.Təqdim edilmiş səkkiz ədəd sensor ekranlı (proqram təminatındakı texniki göstəriciyə görə) “iPhone 14 Pro Max” markalı “3F888LL/A modelli mobil smartfonlar halhazırda işlək vəziyyətdədirlər. 3.Təqdim edilmiş səkkiz ədəd sensor ekranlı (proqram təminatındakı texniki göstəriciyə görə) “iPhone 14 Pro Max” markalı “3F888LL/A modelli mobil smartfonlar istifadə (aktiv edilmişdirlər) olunmuşdurlar.
4. 1-ci sualın tədqiqi hissəsindən göründüyü kimi təqdim edilmiş səkkiz ədəd “İPhone 14 Pro Max” markalı mobil smartfonlar kontrafakt (saxta) məhsullara aiddirlər. Təqdim edilmiş səkkiz ədəd “iPhone 14 Pro Max” markalı mobil smartfonlar kontrafakt (saxta) məhsullara aid olduğundan həmin mobil telefonlar üzrə qiymətləndirmə aparılmadı. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 504-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə tətbiq olunması və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetləri müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 160 manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətaların bilavasitə obyekti olan, 8 ədəd İphone 14 Pro Max markalı mobil smartfonlar müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 160 manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Hakim: Zaur Tağıyev