Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1220/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 46000.00 ABŞ dolları məbləğində vəsaiti 06 may 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 46000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 07 may 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla əlaqədar Şəxs MMC barəsində Hüquq Departamentinin direktoru X5 tərəfindən 18 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında EP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 bildirdi ki, müqaviləyə əsasən Şəxs MMC tərəfindən “X7” şirkətinin hesabına xx.xx.2021-ci il tarixdə 46000.00 ABŞ dolları məbləğində olan vəsait köçürülmüş, lakin Ukrayna Respublikası və Rusiya Federasiya sərhədində gedən müharibə nəticəsində “X7” şirkəti tərəfindən əmlakın təchizatında və pulun geri qaytarılmasında ləngimələr baş vermişdir. Hazırda bu müqavilə üzrə pul vəsaiti geri qaytarılmışdır. Onlar valyuta vəsaitinin xaricdən geri qaytarılmamasından yayınmamışlar, sadəcə olaraq “X7” şirkətində müharibə şəraiti ilə əlaqədar gecikmə halı baş vermişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmiş. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli borcun ötürülməsinə dair razılaşmadan görünür ki, bu razılaşmaya əsasən Kreditor İlkin Borclunun onun qarşısında 01 aprel 2021 –ci il tarixli BM-2/04-21 nömrəli müqaviləyə əsasən iri və xırda buynuzlu heyvana görə ödənilmiş 100000 ABŞ dolları məbləğində borcun Yeni Borcluya ötürülməsinə razılıq bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, “X7” şirkəti tərəfindən Şəxs MMC-yə məlumat verilərək bildirilmişdir ki, Rusiyanın Ukrayna sərhədində keçirdiyi hərbi təlimlərə və daha sonra Rusiyanın Ukrayna ərazisində apardığı işğala görə müqavilənin şərtlərinin yerinə yetirilməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda bildirilmişdir ki, şirkət tərəfindən alınmış və Xarkov və Belqorodsk vilayətlərinin sərhədində yerləşdirilmiş heyvanlar barədə hələ də heç bir məlumat yoxdur. Yaranmış vəziyyətin nəzərə alınması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş sənətdən görünür ki, “X7” şirkəti tərəfindən Şəxs MMC – yə (Kapital Bank vasitəsi ilə) 99877,66 ABŞ dolları vəsait geri qaytarılmışdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC tərəfindən “X7” şirkətinin hesabına xx.xx.2021ci il tarixdə 46000.00 ABŞ dolları məbləğində olan vəsait köçürülmüş, Rusiya və Ukrayna arasında başlanmış və davam edən müharibə nəticəsində “X7” şirkəti tərəfindən pulun geri qaytarılmasında ləngimələr olmuşdur. Hazırda “X7” tərəfindən Şəxs MMC – yə 46000.00 ABŞ dolları vəsait geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X4 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli qərarına əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin iradəsindən asılı olmayan obyektiv səbəblərdən xaricə köçürülmüş valyuta vəsaitinin geri qaytarılmaması halı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1220/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1220/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver