Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1228/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0180/22 nömrəli, 17 avqust 2022-ci il tarixli protokola əsasən Şəxs MMC gömrük qanunvericiliyi ilə müəyyən olunmuş müvəqqəti, saxlanc xüsusi gömrük prosedurunun tələblərinə (müddətə), şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı geriyə qaytarmamış və ya malları digər bir gömrük proseduru altında yerləşdirməmişdir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 göstərdi ki, şirkətin ünvanına Yaponiyadan göndərilən ümumi gömrük dəyəri 2213,70 manat olan 500 ədəd “X3” (Sakura) növünə aid olan ağacların qələm və şitilləri 26 aprel 2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malların gömrük rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş MİHO/1.2.1-2022-523 nömrəli, 02 mart 2022-ci il tarixli arayışa əsasən sertifikat alınması üçün 02 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilmişdir. Lakin bugünədək sertifikat təqdim olunmamışdır. Bu gecikmələr isə malların müvəqqəti saxlama məntəqəsində yararsız hala düşməsinə gətirib çıxarmaqda olduğundan həmin malların münasib şəraitdə özünəməxsus qayğı ilə baxılması zərurəti yaranmışdır. Buna görə də, həmin qələm və şitillər yararsız vəziyyətə düşməməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə təqdim edilmişdir. Bununla bağlı məktub Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Gömrük orqanlarına təqdim edilmişdir. Həmin qələm və şitillər şirkət tərəfindən Binə qəsəbəsində Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məxsus ərazidə əkilmişdir. Sonradan saxlanc müddəti 28 iyun 2022-ci il tarixədək uzadılsa da, həmin saxlanc müddəti başa çatmışdır. Qeyd olunanlara əsasən ən aşağı həddə cərimə tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC gömrük qanunvericiliyi ilə müəyyən olunmuş müvəqqəti, saxlanc xüsusi gömrük prosedurunun tələblərinə (müddətə), şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı geriyə qaytarmamış və ya malları digər bir gömrük proseduru altında yerləşdirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 2213,70 manat dəyərində malların 30 (otuz) faizi, 664,11 (altı yüz altmış dörd manat on bir qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1228/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1228/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver