Məhkəmə qərarları › İş №3(003)-1296/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1296/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1296/2021 07.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1996-cı il tarixdə Rusiya Federasiyası Kraçivoe şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lerik rayonu Qələsər kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu YYS-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 510-cu maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsindən (bundan sonra mətndə Bakı şəhəri Xəzər RPİ 3-cü PB) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: 07 oktyabr 2021-ci il tarixdə Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis leytenantı X3 izahatında göstərdi ki, Şəxs 06 oktyabr 2021-ci il tarixdə saat 02:25 radələrində Post Patrul Xidmətinin əməkdaşları Xəzər rayonu Binə qəsəbəsi ərazisində Şəxs gözünün altında zərbə izinin olması ilə əlaqədar ona yaxınlaşaraq adını soruşmuş, lakin Şəxs cavab olaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, Lerik rayonunda qeydiyyatda olsa da, Bakı şəhərində Binə bazarında xonça sexində işləyir və elə həmin sexdə qalır. 05 oktyabr 2021-ci il tarixdə gündüz vaxtı o, iş yerində iş yoldaşı ilə arasında baş vermiş baş vermiş mübahisə və münaqişə zamanı döyülərək müxtəlif dərəcəli xəsarətlər almış, lakin həmin şəxslə dərhal barışaraq bir-birilərindən şikayət etməməyi qərara almışlar. Bu haqda məlumat alan atası Lerik rayonundan Bakıya gələrək onun işlədiyi sexin rəhbəri ilə görüşmüş və həmin hadisəyə görə onu işdən çıxarmamağı xahiş etmişdir. Artıq gec olduğundan atası Binə qəsəbəsində yaşayan qohumugildə gecələməkdən ötrü onunla birlikdə işlədiyi sexin rəhbərinin maşını ilə Binə qəsəbəsinə gələrək X2 ərazisində maşından düşmüş və atası ilə birlikdə piyada olaraq qohumugilə getməyə başlamışlar. Həmin gecə - 06 oktyabr 2021-ci il tarixdə saat 02:25 radələrində Xəzər rayonu Binə qəsəbəsi ərazisində polis əməkdaşları gözünün altında zərbə izinin olması ilə əlaqədar ona yaxınlaşaraq onun adını soruşmuşlar, lakin o, əsəbi olduğu üçün polis əməkdaşlarının ünvanına kobud və nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Polis əməkdaşlarının onu Polis bölməsinə aparmaq istədiklərini görən atası polislərə onun əsəb xəstəliyindən əziyyət çəkdiyini deyərək onu Polis bölməsinə aparmamalarını xahiş etmiş, lakin o, atasına onun dalınca gəlməməsini deyərək polis əməkdaşları ilə Polis Bölməsinə getmişdir. Üstündə heç bir sənədi olmamışdır, buna görə də polis əməkdaşları onun şəxsiyyətini müəyyənləşdirərkən o, əsəbiləşib onların ünvanına yenə də nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli AZA 012028 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs 06 oktyabr 2021-ci il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 06 oktyabr 2021-ci il tarixdə saat 02:30-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxx 1996-cı il tarixdə Rusiya Federasiyası Kraçivoe şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lerik rayonu Qələsər kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu YYS-da yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06 oktyabr 2021-ci il tarixdən saat 02:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar