Məhkəmə qərarları › İş №3(003)-1303/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1303/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1303/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Basarkeçər kədində doğulmuş, evli, himayəsində 4 azyaşlı uşağı olan, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 333.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarında Şəxs izahatında ilkin olaraq spirtli içki qəbul edərək avtomobil idarə etmədiyini bildirmiş, bu halı təsdiqi üçün sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1/4907 nömrəli, xx.xx.2024-cü il tarixli protokolu təqdim etmişdir. Sonradan isə saxlanıldığı vaxtı sərxoş olmasını etiraf edərək əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül tənbeh tətbirinin tədbiq edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs etibarnamə olmadan taksi fəaliyyəti ilə məşğul olur. Şəxs, xx.xx.2024-cü il Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin yol patrul xidməti inspektoru Ramil Məmmədov tərəfindən saxlanılmış və kəskin spirtli içki qoxusu gəldiyindən alkotesterdən müayinədən keçirilmiş və spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Həmçinin Şəxs 3-4 bakal pivə içməsinin etiraf etməsi barədə video görüntü də var. Daha sonra Şəxs, tərtib edilmiş protokola etiraz etdiyindən protokola baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin bildirdi ki, aspirin dərmanı və antipalisay qəbul etdikdən sonra qanda olan spirtin dərəcəsini azaltmaq olur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçısının izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:45-də “Fiat Doblo” minik markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İnzibati xətanın aşkar edilmsində istifadə olunan xüsusi vasitə İN:642240 nörməli alkotester olmuş, 0,681 % miqdarda alkoqol aşkar edilmişdir. -“Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə 24 nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs 0,681 miqdarda alkoqol aşkar edilmiş və o, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan 1 ədəd CD diskdə olan videoyazıdan görünür ki, yol patrul xidmətinin əməkdaşının “nə içmisən” sualına cavab olaraq Şəxs 3-4 bakal pivə içdiyini bildirir. İş materiallarına əlavə edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” 1/4907 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan (protokolun tərtib edilmə saatı 22:55) görünür ki, Şəxs ayıqdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək qeyd edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:45-də avtomobili sərxoş halda idarə etməsi halının sübutu kimi tərtib edilmiş protokol, müayinə aktı və pivə qəbul etməsi barədə iş materiallarında olan videoyazı qəbul edilməlidir. Belə ki, həmin sübutların əksinə dəlalət edən hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmiş və bu barədə müvafiq mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Şəxs tərəfindən “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” 1/4907 nömrəli, xx.xx.2024-cü il tarixli protokolun isə onun yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldığı vaxtı sərxoş vəziyyətdə olmamasının sübutu kimi qəbul edilməsini mümkün hesab etmir. Belə ki, Şəxs tərəfindən spirtli içkinin qəbul etdiyi anı, onun yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldığı vaxt və daha sonra özü tərəfindən birbaşa müvafiq müayinədə keçdiyi vaxt nəzərə alındıqda görünür ki, Şəxs tərəfindən spirtli içki qəbul etdiyini andan sonuncu müayinədən keçmə saatına kimi xeyli vaxt müddətində ara məsafə olmuşdur. Bu halda isə onun təkrar müayinədən keçdiyi vaxtda ayıq olmasının müəyyən olunması qəbul edilən haldır. Lakin bu hal, onun yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldığı vaxtı sərxoş vəziyyətdə olmaması anlamına gəlmir və bu hal ağlabatan deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərtib edilmiş protokol əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Əməlindən peşman olmasını, 4 azyaşlı uşaqlarının olmasını məhkəmə, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdırılan hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar