Məhkəmə qərarları › İş №3(003)-1317/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1317/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1317/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə X3 xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 227 və 510-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 02 aprel 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib edilmişdir. Protokola əsasən X5 19 aprel 2023-cü il tarixdə X6 məxsus olub Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi O.Əliyev küçəsində yerləşən meyvə-tərəvəz dükanından oğurluq etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə rəisi, polis mayoru X2 protokolun məzmununa uyğun izahat verdi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müfafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 göstərdi ki, uzun illərdir ki, Nərminə Həsənlini tanıyır, qonşuluq münasibətləri vardır. Bir müddət əvvəl qonşulardan biri işlətdiyi - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi O.Əliyev küçəsində yerləşən meyvətərəvəz dükanından Nərminənin oğurluq etməsi barədə ona məlumat vermiş, ilkin olaraq buna əhəmiyyət verməmişdir. Lakin bundan sonra Nərminənin hər 2-3 gündən bir axşamlar gələrək rəflərdən meyvə-tərəvəz oğurlamasını kamera vasitəsilə görmüş, 3 ay ərzində bu hal hər gün davam etmiş, ötən müddət ərzində Nərminə onun mağazasından ümumilikdə təqribən 1000 manatlıq oğurluq etmişdir. Bununla bağlı Nərminəyə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə 18 aprel 2023-cü il tarixdə saat 01 radələrində Nərminənin rəflərdən 15-20 manatlıq meyvə oğurlamasını kamera vasitəsilə görmüş və əsəbiləşərək bu barədə ərizə ilə polisə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmədiyi üçün Nərminədən şikayətçidir və Nərminəyə törətdiyi əməlinə görə müvafiq inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, hazırda heç bir yerdə işləmir, himayəsində bir azyaşlı uşağı vardır, ailəsini dolandıra bilmir. Qonşuluqda meyvə-tərəvəz satışı ilə məşğul olan İlqarı 10 ildən çoxdur ki, tanıyır. Ailə vəziyyətinin çox ağır olması ilə əlaqədar 2023-cü ilin yanvar ayının 28-dən bu günə qədər demək olar ki, 2 gündən bir İlqar dükanı bağlayıb getdikdən sonra təxminən sat 23-24 radələrində gizli şəkildə ora gələrək küçədə olan meyvə rəflərindən 10-15 manatlıq meyvə oğurlayaraq evə aparmış və nə vaxtsa pulu olanda İlqara verəcəyini düşünmüş, İlqarın onu tanıdığı üçün şikayət etməyəcəyinə arxayın olmuşdur. Sonuncu dəfə 18 aprel 2023-cü il tarixdə saat 01 radələrində yenidən həmin mağazaya gələrək təxminən 15-20 manatlıq banan və mandarin oğurlamışdır. Əməlindən peşmandır, bir də oğurluq etməyəcəyinə söz verir. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X5 həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, X5 barəsində hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsi, himayəsində bir azyaşlı uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, X3 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 28, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə tənbeh edilsin. X5 ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirsin. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar