Məhkəmə qərarları › İş №3(003)-1323/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1323/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1323/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən 26 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında № 00100-01350/23 saylı protokola əsasən Şəxs MMC (VÖEN: **********) xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Belə ki, həmin protokoldan görünür ki, X3 fəaliyyət göstərən "X6 Fruits and Vegetables" şirkəti ilə bağlanılmış 1-2021 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlayıb Tomat yükünü 12381.20 ABŞ dolları qiymətinə sataraq 08 iyun 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, Gömrük **********3702 bəyannaməsinin 37-ci qrafasında malların "konsignasiya sazişləri üçün keçirilən mallar" keçirilmə Xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından X3 fəaliyyət göstərən "X6 Fruits and Vegetables" şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********3702 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 5661,17 (beş min altı yüz altımış bir manat on yeddi qəpik) manat təşkil edən 3330.1 ABŞ dolları xarici valyuta vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş müvəkkil Respublikasının olunmuş banklarının Azərbaycan qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarının təsviri hissəsində Məhkəmə aşağıdakı nəticələrə gəlmişdir: - “Valyuta tənzimi haqqında” Qanuna və Qaydalara müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır; - İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur; - İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Nəticədə Şəxs MMC tərəfindən gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydalar pozulmuş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmadığı əks olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X5 göstərdi ki, Şəxs MMC tərəfindən 1 gömrük bəyannaməsi üzrə ixrac edilmiş malları X3 fəaliyyət göstərən "X6 Fruits and Vegetables" şirkətinə müqavilə əsasında göndərilib. **********3702 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac olunan mallara görə 3330,1 ABŞ dolları qaytarılmadığını bildirmişdir. **********3702 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac olunan mallara görə 3330,1 ABS dolları qaytarılmamışdır, ümumilikdə X3 fəaliyyət göstərən "X6 Fruits and Vegetables" şirkətindən 3330,1 ABŞ dolları xarici valyutada vəsaiti müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməmişdir. Səbəb, **********3702 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac olunan yükün Tomat yükü olduğu üçün, çəkidə azalma olmuşdur və qarşı tərəf bizdən daşınmaya görə az ödəniş etmişdir. Ümumilikdə həm çəkinin azalması, həm də yol xərçi tutduğu üçün qarşı tərəf 3330,1 ABŞ dollarını şirkətin hesabına köçürtməmişdir. Lakin buna baxmayaraq, davamlı qarşı tərəflə əlaqə saxlanılmışdır, "X6 Fruits and Vegetables" şirkətinin rəhbəri və işciləri dəyişildiyi üçün, "xxxx" MMC-nin direktoru da dəyişildiyi üçün həmin ödənişlərin qaytarılmamasına dair lazimi sənədləri tam toplaya bilmədiylərini bildirmişdir. Bütün bunların üzrlü hal hesab edilərək barələrində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük Prosedurları və ödənişləri şöbəsindən daxil olmuş raporta əsasən "xxxx" MMC tərəfindən ixrac olunan malların müqabilində **********3702 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 5661,17 (beş min altı yüz altımış bir manat on yeddi qəpik) manat təşkil edən 3330.1 ABŞ dolları xarici valyuta vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirildiyindən, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati xətanın obyekti olan 3330,1 (üç min üç yüz otuz, on) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi – 999,03 (doqquz yüz doxsan doqquz, üç) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dolları 1,70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 999,03 (doqquz yüz doxsan doqquz, üç) ABŞ dolları pul vəsaiti 1698,35 (bir min altı yüz doxsan səkkiz, otuz beş) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan 3330,1 (üç min üç yüz otuz, on) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi, yəni 999,03 (doqquz yüz doxsan doqquz, üç) ABŞ dolları olmaqla 1698,35 (bir min altı yüz doxsan səkkiz, otuz beş) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar