Məhkəmə qərarları › İş №3(003)-1324/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1324/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1324/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X1 iştirakları ilə Şəxs xx xxxxxx 1987-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-nin «Sky Catering» filialında işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-442/2020 saylı, 05 iyun 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-442/2020 saylı, 05 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 05 iyun 2020-ci il tarixdən başlayaraq 19 aprel 2012-ci il təvəllüdlü X3 və 29 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 12 iyun 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. İcra sənədi borclunun iş yerinə göndərilmiş və hər ay əmək haqqından tutulmalar aparılmışdır. Ümumilikdə borclunun əmək haqqından 4909 manat aliment tutulmuşdur. Sonuncu ödəniş 02 noyabr 2021-ci il tarixdə 109 manat olmuşdur. Sonra borclu xəstə olduğunu bildirərək heç bir ödəniş aparmamışdır, lakin xəstəliklə bağlı heç bir sənəd təqdim etməmişdir. 14 iyul 2022-ci il tarixdə borcunun barəsində axtarış elan olunmuşdur. Hal-hazırda borclunun 2900 manat borcu vardır. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında tələbkar X6 göstərdi ki, hava limanında işləsə də, kirayədə yaşayır. Məktəb başlasa da, uşaqlar üçün heç nə ala bilməmişdir. Özü görməsə də, bildiyinə görə Şəxs işdən çıxmamışdır, işləyir. Dəfələrlə telefonla əlaqə saxlayaraq 200- 300 manat ödəniş etməsini bildirsə də, borclu işləmədiyi üçün pulunun olmadığını demişdir. Borclu Şəxs həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, hər ay əmək haqqından aliment ödənişi tutulmuşdur. Lakin sonra işdə xəsarət almış və bu günədək müalicə aldığı üçün işləyə bilmir. Ona hər ay ödənilən 200 manat pulu isə müalicəsinə xərcləyir. Sağaldıqdan sonra işləyərək aliment borcunu ödəyəcəkdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 442/2020 saylı, 05 iyun 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 05 iyun 2020-ci il tarixdən başlayaraq 19 aprel 2012-ci il təvəllüdlü X3 və 29 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin «Sky Catering» filialı tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Şəxs 16 oktyabr 2021-ci il tarixdən hal-hazırki zamanadək xəstəliyi ilə əlaqədar işə çıxmır. 16 oktyabr 2021-ci il tarixdən 29 oktyabr 2021-ci il tarixədək təqdim etdiyi xəstəlik vərəqəsindən 109 manat alimenti 05 noyabr 2021-ci il tarixində tələbkar X1 ABB-nin Mərdəkan şöbəsindəki hesabına köçürülmüşdür. 30 oktyabr 2021-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək olan dövrü əhatə edən xəstəlik vərəqələri müəssisə tərəfindən lazımi prosedurdan keçdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Şəxs adına "xxxx" ASC-də olan kart hesabına 01 dekabr 2021-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək 1782,69 manat pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, Şəxs işlədiyi müddətdə sonuncu ödəniş 02 noyabr 2021-ci il tarixdə 109 manat olmaqla əmək haqqından 4909 manat aliment tutulmuşdur. Xəstəliyi ilə əlaqədar 16 oktyabr 2021-ci il tarixdən hal-hazırki zamanadək borclu işə çıxmadığından tələbkara icra sənədi üzrə aliment ödəyə bilməmişdir. 01 dekabr 2021-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək kart hesabına köçürülmüş 1782,69 manat pulu isə müalicəsinə xərcləmişdir. Bu onu göstərir ki, borclu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-442/2020 saylı, 05 iyun 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar