Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1335/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli (MN 1870052) inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nın 192.1-ci maddəsinə əsasən 3500 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan 19 may 2025-ci il tarixdə icra məmurunun bildirişin alandan sonra məlumatlı olmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, həmin qərar tamamilə qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Həmin inzibati xətaya onun heç bir aidiyyatı yoxdur. "X14 Dış Ticaret Limited Şirkəti”ndə sürücü kimi işləmişdir. 6 ay müddətinə onu şirkətin rəsmi rəhbər kimi sənədləşdirsələr də həmin müddətdə də faktiki rəhbər o olmamışdır. Onun şirkətdə hər hansı rəhbər vəzifə və səlahiyyəti olmamışdır. X2 əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən menecer vəzifəsinə işə qəbul edilməsində onun hər hansı təqsiri yoxdur. Şirkətə rəhbərlik edən Vüsalə Məmmədova adlı xanımdır. Məhkəmə iclasında X6 şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etdi və şikayət ərizəsinin məzmununa uyğun izahat verdi. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - X8 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, "X14 Dış Ticaret Limited Şirkəti”-nin Azərbaycan Respublikasındakı filialının direktoru X6 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək barəsində 3500 manat məbləğdində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -17-ci maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. -135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, şikayətin əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, şikayətçiyə bu barədə məhkəmə tərəfindən şərait yaradılmış), mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-1335/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1335/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver