Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1342/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1, 492.1 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 492.1 və 505-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 13000-00715/24 saylı protokol, əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X2 bildirdi ki, malların yerləşdiyi anbar Qaradağ rayonunda yerləşir. Törədilmiş inzibati xətalar müxtəlif vaxtlarda törədilmiş inzibati xətalardır. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta birinci törədilmiş, bir müddətdən sonra isə həmin Məcəllənin 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulmuş xətalar eyni vaxtda törədilmişdir. Hesab edirlər ki, hazırki inzibati xəta haqqında işə hüquqi şəxsin hüquqi ünvanın olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat veməmişdir. İşdə iştirak edən şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, protokol, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 13000-00715/24 saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********0334 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilən malların dəyəri gömrük orqanına düzgün bəyan edilməmiş və gömrük nəzarəti altında olan mallar ilə qanunvericiliklə müəyyən edilməmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılmış, о cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilmiş və onlar üzərində sərəncam verilmiş, gömrük orqanı tərəfindən tətbiq edilən plomb həmin orqanın icazəsi olmadan qəsdən qırılmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 492.1 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən idxal olunmuş mallar (mühərrik yağları) gömrük nəzarəti altında olmaqla Şəxs MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda saxlanılmış və MMC tərəfindən həmin anbarın giriş qapılarından birinə vurulmuş plomb qırılaraq idxal edilmiş mallar götürülərək satışa yönəldilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən: -Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. -Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İşin hallarından görünür ki, Şəxs MMC tərəfindən törədilməsi istinad olunan inzibati xətalar, idxal edilən mallara dair gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma ( İXMnin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta) ilə bağlı və bundan sonra gömrük nəzarəti altında olan mallar ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, о cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi, gömrük orqanı tərəfindən tətbiq edilən plombun həmin orqanın icazəsi olmadan qəsdən qırılması barədə eyni vaxtda İXM-nin 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsindən ibarətdir. Şəxs MMC tərəfindən törədilməsi istinad olunan İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilkin olaraq törədilmiş, bundan sonra isə həmin MMC tərəfindən İXM-nin 491.1 və 492.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Şəxs MMC tərəfindən sonuncu inzibati xətalar isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində törədilmişdir. Odur ki, ilkin olaraq törədilmiş inzibati xətadan sonra törədilmiş digər inzibati xətalar (sonuncu inzibati xəta) həmin inzibati xətaların törədildiyi yerdə baxılmalı olduğundan və qanunvericilikdə müxtəlif vaxtlarda törədilmiş bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalı olması nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında işə Şəxs MMC tərəfindən törədilməsi istinad olunan sonuncu inzibati xətanın törədildiyi yer üzrə, yəni idxal olunan malların yerləşdirildiyi anbarın olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1, 492.1 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 13000-00715/24 saylı inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlər birlikdə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1, 492.1 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 13000-00715/24 saylı inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlər birlikdə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1342/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1342/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver