Məhkəmə qərarları › İş №3(003)-1343/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1343/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1343/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Bakı şəhər X13 idarəsinin polis mayoru X10 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 02 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək barəsində Bakı şəhər X13 İdarəsinin polis mayoru X10 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 02 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək göstərdi ki, 28 yanvar 2022-ci il tarixdə, saat 17:00 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu ərazisində, Aeroport-Mərdəkan yolunun Bolluq adlanan ərazidən keçən hissəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında şəhər istiqamətində yolun sağından soluna olan 1-ci zolaqla hərəkətdə olarkən telefonunun üstündə olmadığını müəyyən etmiş və geri qayıtmaq üçün avtomobilini saxlayaraq qəza işıqlarını yandırmışdır. Daha sonra arxada təxminən 30 metr qalmış boş yer olduğunu görüb avtomobili arxaya sürmüşdür. Bu zaman arxadan “Renault” markalı avtomobilin sürətlə gəldiyini görüb öz avtomobilini yenidən irəliyə hərəkət etdirmiş və təxminən 5-10 metr irəli sürdükdən sonra, elə irəliyə doğru hərəkətdə olan zaman “Renault” markalı avtomobil arxadan onun idarə etdiyi avtomobilə dəyərək qəza törətmişdir. Qəza nəticəsində heç bir xəsarət alan olmamışdır. Oraya gəlmiş polis əməkdaşları onları DYPİnə aparmışlar. Bakı şəhər DYPİ-nin əməkdaşı Nicat Cəlilov tam araşdırma aparmamış, qərəzli olaraq onu təqsirli bilib 40 manat cərimə etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. DYPİ-də olarkən ona hadisənin görüntüləri göstərilmiş, lakin həmin görüntülər ona təqdim edilməmişdir. Dəfələrlə görüntülərin verilməsi ilə bağlı o, DYPİ-nə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Bundan sonra DYPİ-nin əməkdaşları araşdırma aparmadan heç bir təqsiri olmadığı halda barəsində 40 manat cərimə olunması ilə bağlı təkrar qərar qəbul edilmişdir. Həmin qərar ona gec təqdim edilmiş, nəhayət, qərarı əldə etdikdən sonra 4-5 gün ərzində o, Xəzər Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Məhkəmə tərəfindən görüntülər Bakı şəhər DYPİ tərəfindən götürülsə müəyyən olunacaq ki, onun hadisənin baş verməsində heç bir günahı yoxdur. Şikayətin təmin olunaraq Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını məhkəmədən xahiş etdi. Bakı şəhər BPİ-nin DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 17:00-da yol nəqliyyat hadisəsini törətmiş və Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə olunmuş TP ******* nömrəli xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər BPİ-nin DYPİ-nin 29 yanvar 2022-ci il tarixli qərarı həmin ərazidə yerləşdirilmiş “Təhlükəsiz şəhər” videomüşahidə kameralarına baxış keçirilməməsinə görə ləğv edilmiş və bütün faktiki halların araşdırılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş X2 Bakı şəhər BPİ-nin DYPİ-nə verdiyi izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi “Renault” markalı, **- SU-*** dövlət nömrə nişanlı avtomobil ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi istiqamətindən mərkəz istiqamətinə hərəkətdə olarkən yolun sağında geriyə hərəkət edən “Opel Astra” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etidiyi avtomobil ilə toqquşmuş və nəticədə onun idarə etdiyi avtomobilə 3000 manat məbləğində ziyan dəymişdir. İş materialarına əlavə edilmiş Bakı şəhər X12 İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə dəfələrlə Bakı şəhər DYPİ-nə müraciət edərək xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli qərarla bağlı materialları tələb etmişdir. Lakin Bakı şəhər DYPİ-i iş materiallarını tam və “Təhlükəsiz şəhər” videomüşahidə kameralarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin X9 şöbəsinin baş inspektoru polis mayoru X10 hadisəni tam araşdırmadan, videomüşahidə kameralarına baxış keçirmədən, hər iki şəxsin izahatlarında ziddiyyət mövcud olmasına baxmayaraq xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin X7 tərəfindən törədildiyini hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati material yenidən araşdırılması üçün Bakı şəhər BPİ DYPİ-nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130, 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X3 barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati material yenidən araşdırılması üçün Bakı şəhər BPİ DYPİ-nə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar