Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1346/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Protokolu tərtib etmiş şəxs, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru X6, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Lerik rayonunun Tatonu kəndində doğulmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X7 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə X4 Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək Şəxs onun yaşadığı mənzilin qapısının açarını dəyişərək evə buraxmadığını bildirmişdir. X4 polis şöbəsinə dəvət olunmuş və onun ərizəsi alındıqdan sonra Renata Kamaləddinova polis şöbəsindən çıxıb getmişdir. Daha sonra həmin günü 17:45-də Renata Kamaləddinova yenidən 102 xidmətinə müraciət edərək Şəxs onu nəlayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Bundan sonra əməliyyat qrupu ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində yerləşən 9 nömrəli evin qarşısında baş vermişdir. Həmin evi X2 atası almışdır. Şəxs evin həyətində yerləşən sanitar qovşağının içərisində öz həyətinə keçmək üçün qapı qoymuş və bildirir ki, ev X3 məxsus olsada, torpaq sahəsi ona məxsusdur. Yəni aralarında mülki qaydada mübahisə var. Həmçinin X4 polis şöbəsinə müraciət edərək evin içərisində olan soyuducunun, digər əşyaların Şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bu barədə cinayət işi açılmış və hazırda istintaqı aparılır. Hadisə yerində olanda X4 ilə Şəxs evin qarşısında küçədə olduğunu görmüşlər və hər ikisini polis şöbəsinə dəvət etmişlər. Şəxs inzibati qaydada tutulmasına səbəb mənfi xarakterizə olunmasıdır. Həmçinin bildirdi ki, Şəxs gecə vaxtı polis şöbəsinin növbətçi hissəsinin iş rejimini pozmuşdur. Belə ki, Şəxs, saxlama yerində siqaret yandırıb çəkmiş, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Bu barədə videogörüntülər əks olunmuş CD disklər məhkəməyə təqdim edilmişdir. Belə ki, saxlama yerində siqaretdən istifadə olunmasının qadağan edilməsini bildirmişlər. Buna baxmayaraq, saxlama yerində olan digər şəxsin siqaretini alaraq çəkmişdir, daha sonra isə oranın qapısını bərk döyməyə başlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, 2012-ci ildə evinin bir hissəsini, yəni 2 otağını və 2 sot torpaq sahəsini Renata Kamaləddinovanın atası Rəfael Kamaləddinova satmışdır. Atası orada yaşamış, bir il olarki ölmüşdür. Atasının xahişi ilə Renata həmin evə pasport qeydiyyatına alınmış, lakin orada yaşamamışdır. Atası öləndən bir müddət sonra tanımadığı şəxslər həmin evə gəlib-getməyə başlamışdır. Ona görə həyətin giriş qapısının açarını dəyişmişdir. Renataya isə bildirmişdir ki, oraya kənar şəxslər gətirməsin. xx.xx.2024-cü il tarixdə Renata, bir qadın və bir oğlanla birlikdə gəlmişlər və qapının açarını sındıraraq içəri daxil olmuşlar. Renatanın yanında olan qadın səs-küy salmağa başladığından arvadı 102 xidmətinə zəng vurmuşdur. Renata ilə birlikdə digər şəxslərin qapının açarını sındıraraq içəri daxil olmaları, səs-küy salmaları barədə onun telefonunda video yazıları da var. Arvadının müraciətindən sonra isə Renata 102 xidmətinə zəng vurmuşdur. Polis əməkdaşları isə gəldikdən sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılmasında səbəb isə son iki ildə polis əməkdaşları tərəfindən oğlunun narkotiklə bağlı şərlənməsi olmuşdur. O, bu barədə yuxarı orqanlara şikayət etmişdir. Renataya isə heçnə deməmiş, söyüş söyməmişdir. Renatanın yanında olan qadın əlinə beli alaraq səs-küy saldığından o, arvadı ilə birlikdə yaşadıqları evə daxil olmuşlar, arvadı 102 xidmətinə zəng vurmuş və orada polis əməkdaşlarını gözləmyə başlamışlar. Bir saatdan sonra polis əməkdaşları gəlmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman isə saxlama yerində əvvəl 2 nəfər, sonra isə 6 nəfər olmuşlar. Digər şəxslər kimi də o səhərə kimi siqaret çəkmişdir. İlk əvvəl bildirilmişdir ki, siqaret çəkmək olmaz, lakin gecə vaxtı orada onunla birlikdə bir yaşlı kişi saxlanılmış və o kişinin üzərində siqaret olmuşdur. Həmin kişinin siqaretindən istifadə etmiş, daha sonra isə polis əməkdaşı onun özünün siqaretini gətirib vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 bildirdi ki, atasından qalmış evə gələndə hər zaman hansısa bir əşyanın oğurlandığını görmüşdür. Onunla gələn qadın isə xalasının oğlunun arvadı olmuşdur. O, evin açarını həmin Aynur adlı qadına vermişdir. Aynur mart ayında ona demişdir ki, Mürvət sanitar qovşağından həyətə giriş qapısı qoymuşdur. Bir müddətdən sonra, yəni may ayında həmin qadın görmüşdür ki, Mürvət həyətdə olan mətbəxi sökmüşdür. Bundan sonra o məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə 12:00-da Aynurla oraya gəlmişlər və qapını aça bilməmişlər. Bundan sonra polisə müraciət etmişdir. Polis şöbəsində bununla bağlı ərizə yazmışdır. Sonra fikirləşmişdir ki, usta taparaq qapını açsın. Belə ki, Mürvətlə ünsiyyətdə olmaq istəməmişdir. Bundan sonra usta taparaq qapının açarını dəyişdirmiş və həyətə daxil olmuşlar. Mürvət gəlmiş və video çəkiliş aparmağa başlamışdır. Sonra ustaya dalaşmış, bundan sonra usta çıxıb getmişdir. Evin həyətində olan zaman Mürvət ona orada nə etdiyini, onun burada heçnəyə aidiyyətinin olmadığını bildirmiş, ona “eşşək”, “qodux” deməyə başlamışdır. Daha sonra o çölə çıxmış, Mürvət isə həyətdə olmuş və onun arxası ilə nəlayiq ifadə işlətmişdir. Küçədən adamlar keçmişdir, lakin onları tanımır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanının qarşısında vətəndaş K.Renatanı təhqir etmiş, həmçinin PŞ-də olarkən PŞ-nin iş fəaliyyətini 10 dəqiqə ərzində kobud şəkildə pozmuş, nizam-intizama dəvət edilsədə buna məhəl qoymamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. -AZA 021845 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 18:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş 3 ədəd CD diskdə olan foto və videogörüntülərdən görünür ki, Şəxs saxlama yerində siqaret çəkdiyi zaman polis əməkdaşı ona yaxınlaşaraq orada qadağan edildiyi halda hansı əsaslarla siqaret çəkməyi barədə soruşur, Şəxs isə onun oraya gətirən polis əməkdaşı tərəfindən icazə verildiyini bildirir. Digər videogörüntüdə isə Şəxs saxlandığı yerə polis əməkdaşı yaxınlaşaraq qapını döyərək, tez-tez su istəyərək iş rejiminin pozduğunu bildirir, Şəxs isə üzür istəyərək narahat etmək istəmədiyini bildirir. 3-cü CD diskdə isə şəxsiyyət vəsiqəsinin arxa üzünün fotoşəkli əks olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. İşin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində yerləşən 9 nömrəli evin həyətində X2 həmin həyətə daxil olması ilə bağlı Şəxs onunla mübahisə etmişdir. Şəxs tərəfindən xırda xuliqanlıq törədilməsi ilə bağlı protokolun tərtib edilməsinin əsası isə mübahisə zamanı X1rşı nəlayiq ifadələr işlətməklə ictimai qaydanı pozması olmuşdur. Bununla bağlı qeyd olunur ki, Şəxs tərəfindən X1rşı nəlayiq ifadələr işlətməsi yalnız sonuncunun bildirməsindən başqa iş materiallarında hər hansı bir sübut yoxdur. Bundan başqa Şəxs tərəfindən aralarında olan mübahisə zamanı X1rşı nəlayiq ifadələr işlətməsi iş üzrə öz təsdiqinin tapdığı halda belə məhkəmə hesab edir ki, bu zaman Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, X2 bildirdiyindəndə görünür ki, Şəxs evin həyətində onunla mübahisə etmiş, həmin zaman ona qarşı nəlayiq ifadələr işlətmiş və orada kənar şəxslər mövcud olmamışdır. Bundan isə görünür ki, baş vermiş hadisə onların şəxsi münasibətləridən irəli gələn, yəni aralarında olan əmlakla bağlı mübahisədən qaynaqlanan hərəkətdən ibarət olmuşdur. Bu halı isə ictimai qaydanı pozan hərəkətlər kimi qiymətləndirilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətlərinin olması da sübuta yetirilmir. Belə ki, Şəxs tərəfindən polisin qanuni tələblərinə əməl etməməsi göstərilsə də, bu hal işin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən olunmur. Protokolu tərtib etmiş şəxsin izahatında görünür ki, Şəxs polis şöbəsində saxlama yerində olan zaman qadağan edilməsinə baxmayaraq siqaretdən istifadə etmiş, saxlama yerinin qapısını döyərək növbətçi hissənin iş rejimi pozmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Şəxs polis şöbəsində saxlama yerində olan zaman siqaret çəkməsi halı polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı deyil, Şəxs tərəfindən polis şöbəsində olan saxlama yerində olma qaydalarının tələblərinin pozulması ilə bağlı hərəkətlər edilmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, bu hal, Şəxs (və ya onun yanında olan başqa şəxsin) həmin saxlama yerinə siqaretlə yerləşdirilməsi nəticəsində baş vermiş və məhkəməyə təqdim edilmiş video görüntülərdən həmin halın aradan qaldırılması istiqamətində polis işçisi tərəfindən hər hansı bir addımın atılması müşahidə olunmur. Həmçinin Şəxs qanuni tələblərə tabe olmayaraq polis şöbəsinin növbətçi hissəsinin iş rejiminin pozması ilə protokol əsaslandırılsa da, bu halla bağlı hər hansı bir sübut iş materiallarında mövcud olmamaqla, işin araşdırılmış hallarındanda müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs məhkəmə iclasından azad edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1346/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1346/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver