Məhkəmə qərarları › İş №3(003)-1349/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1349/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1349/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 499.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən ABŞ-da yerləşən “X3 Operations İNC” Şirkəti tərəfindən “Navante Services LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına göndərilən ümumi gömrük dəyəri 25181,12 manat, ümumi invoys dəyəri 32102,40 ABŞ dolları olan “mayelərin süzülməsi və ya təmizlənməsi üçün” adlı qurğular xx.xx.2014-ci il tarixdə **********1517 nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2015-ci il tarixinə qədər müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2022-cu il tarixə kimi uzadılmışdır. Lakin, sözügedən yük barəsində müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, müvəqqəti idxal müddəti yenidən uzadılmamış və ya digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. İş materiallarında olan **********1517 nömrəli xx.xx.2014-cu il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, "Navante Services LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı ümumi gömrük dəyəri 25181,12 manat, ümumi invoys dəyəri 32102,40 ABŞ dolları olan “mayelərin süzülməsi və ya təmizlənməsi üçün” qurğular barəsində xx.xx.2014-cu il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gömrük bəyannaməsi təqdim etmişdir. Həmin gömrük bəyannaməsinin 44-cü qrafasında yükün ixrac olunması üçün xx.xx.2015-ci il tarixədək öhdəlik götürülmüşdür. Araşdırmanın ətraflı aparılması üçün DGK “Gömrük Xidmətinin Vahid X1 informasiya resursu”na baxış keçirilmiş və “Navante Services LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********1517 saylı gömrük bəyannaməsi ilə “mayelərin süzülməsi və ya təmizlənməsi üçün” qurğunu xx.xx.2014-cü il tarixdə müvəqqəti idxal prosedurunda rəsmiləşdirildiyi, xx.xx.2015-ci il tarixədək yükün ixrac olunmasına öhdəlik götürüldüyü və xx.xx.2022-ci il tarixədək, hər il müvəqqəti idxal müddətinin uzadıldığı müəyyən olunmuşdur. “Navante Services LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim edilən xx/xx/020085 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli mgömrük prosedurunun müddətinin uzadılmasına dair müraciətin surətindən görünür ki, Şirkət **********1517 nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti idxal edilən “mayelərin süzülməsi və ya təmizlənməsi üçün” qurğular ilə işlərin davam edilməsinə görə müvəqqəti idxal müdətinin xx.xx.2023-cü il tarixədək uzadılmasını xahiş etmişdir. Beləliklə, **********1517 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal olunan yüklərin müddətinin bir aydan üç aya qədər müddətdə gecikdirildiyi müəyyən edilmişdir. Bu barədə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən 24 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar