Məhkəmə qərarları › İş №3(003)-1350/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1350/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1350/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, X2 Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800-1361 nömrəli inzibati tənbeh vermə haqqında qərardan veridiyi şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X1 Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800-1361 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3229/2024 saylı, 27 may 2024cü il tarixli qərardadı ilə inzibati xəta haqqında materialın baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə toplanmış material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhər Xəzər rayon Məhkəməsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsi məlum qənaətə gələrkən şikayət vermiş şəxs X2 törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisinə aid olmasını əsas götürmüşdür. Lakin inzibati xəta haqqında protokol və digər iş materiallarında barəsində inzibati xəta haqqında icraat aparılan X4 qızının Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon X6 küçəsi ev 1 ünvanında qeydiyyatda olmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər.Həmin inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil.Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. İş materiallarından müəyyən edilir ki, X4 qızı qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvanında müvafiq tədbir görməməklə, yəni xaricə köçürülmüş vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Göründüyü kimi hazırki inzibati material üzrə inzibati xətanın törədilmə yeri “X4 qızının yaşayış yeridir. Ona görə də məhkəmə hesab edir ki, inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Məhkəmə həmçinin bir məsələni də qeyd edir ki, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda inzibati xəta haqqında iş üzrə materialın bir məhkəmədən digərinə göndərilməsi halı İXM-də tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırkı vəziyyətdə İnzibatı Xətalar Məcəlləsində məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduqda, həmin məsələni tənzimləyən prosessual norma olmadığı üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müvafiq məsələ cinayət-prosessual qanunvericiliyinin analoji norması əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Beləliklə məhkəmə belə yekun qənaətə gəlir ki, şikayət vermiş şəxs X2 Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800- 1361 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan, həmin məsələnin həll edilməsi üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77-ci və İnzibati Xətalar Məcəlləsinin 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X2 Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800-1361 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə material, işin ərazi aidiyyəti üzrə yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar