Məhkəmə qərarları › İş №3(003)-1355/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1355/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1355/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, bir azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı 48654028 nömrəli, 01 sentyabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs 08 avqust 2022-ci il tarixdə, saat 20:20-də idarə etdiyi «AUDİ A 6» minik markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov tərəfindən 25 avqust 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 avqust 2022-ci il tarixdə, saat 20:20-də idarə etdiyi «Audi A 6» minik markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobillə Şüvəlan qəsəbəsindən Ziyarətgah istiqamətində hərəkət edib yolun əks istiqamətində yerləşən «Halva» restoranının qarşısında dayanaraq yolun boşalmasını gözləmişdir. Yol boşaldıqdan sonra qırıx xəttin üzəri ilə sola, yəni yolun əks istiqamətinə doğru hərəkətə başlayarkən işığı sönmüş vəziyyətdə olan motosiklet yüksək sürətlə gələrək avtomobilin arxa sağ yan qapı hissəsindən vurmuşdur. Hadisə vaxtı maped əyləcdən istifadə etməmişdir. Barəsində hər hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, «Tufan M50» markalı moped dostu X1 məxsusdur. O, mapedi kreditlə almışdır. 08 avqust 2022-ci il tarixdə, saat 20:20-də idarə etdiyi mopedlə Şüvəlan qəsəbəsindən Mərdəkan qəsəbəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olmuş və sifariş aparmışdır. «Halva» restoranının qarşısına çatmağa 8-10 metr qalmış əks istiqamətdə olan «Audi» minik markalı avtomobilin onun zolağına çıxmasını görüb işıqlarını yandıraraq işarə etmişdir. Lakin həmin avtomobil avtomobili yolun ortasında saxlamışdır. O, əyləcdən istifadə etsə də, mopedi saxlaya bilməmiş və həmin avtomobillə toqquşmuşdur. Avtomobilin sürücüsü avtomobili yolun ortasında saxlamayıb hərəkətini davam etdirsəydi hadisə baş verməzdi. Hadisədən sonra avtomobilin sürücüsü onu günahlandırmış və heç bir köməklik etməmişdir. O, özü təcili tibbi yardım çağırmış və onu xəstəxanaya aparmışlar. Xəstəxanadan 3-4 saat qaldıqdan sonra onu evə buraxmışlar. Lakin hadisədən sonra da, avtomobilin sürücüsü onunla maraqlanmamışdır. Özü tələbədir və bir ay yarım mopedsiz qaldığı üçün işləyə bilməmişdir. Maddi cəhətdən imkanı yoxdur, ona görə də, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində hər hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi və digər iş materiallarına əsasən özünü müdafiə və məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 09 avqust 2022-ci il tarixli, 1021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən 08 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs yol-hərəkəti haqqında qanununun tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində zərərçəkmiş şəxsə bədən xəsarəti yetirməsini, zərərçəkmiş şəxsə hadisədən sonra köməklik göstərməməsini, ona dəymiş ziyanı ödəməməsini, heç bir yerdə işləmədiyindən cəriməni ödəmək üçün maddi cəhətdən imkanı olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxs hadisə nəticəsində ona madi ziyan dəydiyini, hadisəni törədən şəxsin ona yardım etmədiyini və hazırda onun tələbi olduğunu bildirsə də, tələbi ilə bağlı yazılı şəkildə ərizə təqdim etməmiş və sənədləri əlavə etməmişdir. Lakin Şəxs baş vermiş hadisədə özünü təqsirli bilməmişdir. Bu isə onu göstərir ki, Zərərçəkmiş şəxs tələbi olsa belə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mübahisə vardır. Buna görə məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar