Məhkəmə qərarları › İş №3(003)-1363/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1363/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1363/2024 03.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı X2, X1 iştirakları ilə, X4 Xəzər rayon DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 11 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 11 iyun 2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Xəzər rayon DYPŞ-nin YPX baş inspektoru. polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 11 iyun 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın guya onun tərəfindən törədilməsi aşkar edilmiş və həmin protokola əsasən inzibati tənbeh vermə haqqında TP6543008 nömrəli qərarla 50 manat cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, tərəfindən heç bir halda İXM-nın 324.5-ci maddəsinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə məsuliyyət nəzərdə tutulmuşdur. Bildirir ki, bu maddədə göstərilən nasazlıqların heç biri onun nəqliyyat vasitəsinə aid deyildir. Onu saxlayan yol polisi əməkdaşı özünü təqdim etmədən və onu nə üçün saxladığını bildirmədən nəqliyyat vasitəsinin arxa şüşəsinin şüşə silgəcləri və şüşəyuyanlarının işləmədiyini irad bildirərək, ona protokol yazmışdır. O, buna etiraz edərək qanunun tələbinə görə bu dediyinin qabaq şüşələrə aid olduğunu bildirmişdir. Lakin o, buna məhəl qoymayaraq ona protokol yazmış, o isə etirazını bildirmiş və protokolu imzalamamışdır. İş üzrə qərar qəbul etmiş A.İsgəndərovun yanında olmuş və ona hadisəni olduğu kimi danışmağına baxmayaraq o, yol polisinin düzgün qərar qəbul etdiyini və onun nəqliyyat vasitəsinin cərimə meydançasına qoyulmadığı üçün onlara təşəkkür etməli olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Xəzər rayon DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 11 iyun 2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 11 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək barəsində qəbul edilmiş 11 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı X3 arxa kəmərlərin yerinin olmasına baxmayaraq kəmərlərin özünün mövcud olmadığını qeyd edərək X6 barəsində 11 iyun 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xəzər rayon DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 11 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 08:00-da “VAZ 21043 minik” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 08:00da “VAZ 21043 minik” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 11 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 iyun 2024-cü il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın X6 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində 11 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 11 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin olunaraq, barəsində Xəzər rayon DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 11 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Xəzər rayon DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 11 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar