Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1375/2021 25.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) qanuni təmsilcisi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin 640295,80 (altı yüz qırx min iki yüz doxsan beş, səksən) rus rublu məbləğində olan olan vəsaiti 09 avqust 2019-cu il il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 640295,80 (altı yüz qırx min iki yüz doxsan beş, səksən) rus rublu məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Bununla əlaqədar "xxxx" MMC barəsində X7 Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsinin aparıcı mütəxəssisi X2 tərəfindən 19 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin qanuni təmsilcisi X4 göstərdi ki, 640295,80 (altı yüz qırx min iki yüz doxsan beş, səksən) rus rublu məbləğində vəsait "xxxx" MMC ilə “SOLİD” şirkəti arasında imzlanmış 11 iyun 2019-cu il tarixli tikinti materiallarının alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən “SOLİD” şirkəti hesabına köçürülmüşdür. Bu müqavilənin predmeti olan tikinti materialları 02 sentyabr 2019-cu il tarixdə ölkəyə gətirilmişdir. Ona görə də, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. "xxxx" MMC-nin qanuni təmsilçisinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC tərəfindən 640295,80 (altı yüz qırx min iki yüz doxsan beş, səksən) rus rublu məbləğində xarici valyutada olan vəsait "xxxx" ASC-də olan hesabından 09 avqust 2019cu il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, plastik kütlədən tavan yaşmaqları ölkəyə daxil olmuşdur. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC tərəfindən 640295,80 (altı yüz qırx min iki yüz doxsan beş, səksən) rus rublu məbləğində xarici valyutada olan vəsait "xxxx" ASC-də olan hesabından 09 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. 02 sentyabr 2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən 640295,80 (altı yüz qırx min iki yüz doxsan beş, səksən) rus rublu məbləğində olan plastik kütlədən tavan yaşmaqları ölkəyə daxil olmuşdur. Göründüyü kimi, ödənilmiş valyuta vəsaitinin qarşılığında 02 sentyabr 2019-cu il tarixdə malların ölkəyə daxil olmasına baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində 19 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X3 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli qərarına əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında "xxxx" MMC tərəfindən xaricə köçürülmüş valyuta vəsaitinin geri qaytarılmaması halı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda "xxxx" MMC-nin 640295,80 (altı yüz qırx min iki yüz doxsan beş, səksən) rus rublu məbləğində olan vəsaiti 09 avqust 2019-cu il il tarixdə xaricə köçürülməsi və 02 (iki) il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməməsi qeyd edilsə də, lakin göstərilən məbləğ qarşılığında mallar ölkəyə daxil edildiyindən, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1375/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1375/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver