Məhkəmə qərarları › İş №3(003)-139/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-139/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-139/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, X1 iştirakı ilə, X22 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X22 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, DƏMX-in Bakı Şəhər İdarəsinin 20 dekabr 2023cu il tarixli, MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən haqqında inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Qərar 13 dekabr 2023-cü il tarixdə əmək müfəttişi X13 tərəfindən tərtib olunmuş MN ******* nömrəli yanlış və saxta protokola əsasən verilmişdir. Məlumat olaraq bildirmişdir ki, rəhbərlik etdiyi məktəb şagird sıxlığı baxımından Bakı şəhərinin ən ağır məktəbidir və məhz bu səbəbdən təqribən 5 km aralıda tikilmiş yeni 334 nömrəli tam orta məktəb möhür, elektron imza verilmədən fəaliyyətə başlamışdır. Məktəb eyni zamanda elektron sistemdə müvəqqəti olaraq ən yaxın məktəbin (218) filialı olaraq qeydiyyata salınmışdır. Cari tədris ilinin başlanğıcında da həmin filial sayılan məktəbə müsabiqədən keçərək göndərilən müəllimlərin əmək müqaviləsi bildirişləri də köməklik məqsədi ilə tərəflərindən sistemə işlənmişdir. Lakin 334 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid baş idarədən daxil olacaq məktubu gözlədiyindən müəllim X3 çıxarışını və əmrini gec təqdim etdiyindən həmin müəllimin yazılı əmək müqaviləsi 18.İX.2023 tarixindən bağlansa da, elektron əmək müqaviləsi bildirişini 30 sentyabr tarixindən öncəki tarixə işləmək mümkün olmamışdır. Bir daha qeyd edir ki, həmin müəllimin əmək müqaviləsi bildirişi köməklik məqsədi ilə onların elektron imza ilə sistemə daxil edilmişdir və həmin müəllimlə bağlanmış əmək müqaviləsində nə işəgötürən səlahiyyətli şəxs deyil, nə də imzalayan şəxs deyil. Müəllim M.Mustafazadə özü də elektron formada DƏMX-ə müraciət etmişdir və araşdırılması əmək müfəttişi X13 tərəfindən aparılmışdır. Müfəttiş 13.12. 2023-cü il tarixdə onların səlahiyyətli nümayəndələri 5 saylı DOST mərkəzinə dəvət etmişdir və direktor müavini Şahid görüşdə iştirak edərək məsələ ilə bağlı müzakirədə iştirak etmişdir. Müfəttiş nümayəndəni xəbərdar etmədən məsələyə münasibətini telefona yazmışdır. Lakin protokolda yanlış olaraq onların iştirak etməməkləri və imzadan imtina etməkləri qeyd olunmuşdur. 20 dekabr 2023-cü il tarixində müfəttiş saat 11:00-da telefon zəngi ilə onların həmin saatda, yəni saat 11:00-da 5 saylı DOST mərkəzində olmaqlarını tələb etmişdir. Zəng bitəndən sonra saat 11:04-də onlar geri dönüş edərək deyilən vaxtın artıq keçdiyini və Binə qəsəbəsindən deyilən ünvana saat 12:00-da çatmağın mümkünlüyünü bildirmişlər. Cavabında isə müfəttiş öncə əlavə məlumat veriləcəyini söyləmiş, daha sonra ehtiyac olmadığını bildirmişdir. Lakin elə həmin gün mohil telefona AsanPay xidmətindən xx.xx.2023-cü tarixində tərtib olunmuş protokol əsasında cərimə olunmaqları haqqında məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixində X22 Xidmətinin hüquq şöbəsinin müdiri qəbulunda olaraq öz etirazlarını bildirmişlər, lakin heç bir nəticə alınmamışdır. Elə həmin gün X22 Xidmətinin rəisi X21 yazılı ərizəsini qeydiyyata saldırmışlar. xx.xx.2023-cü il tarixdə DƏMX-in Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyevin qəbulunda olmuşlar, lakin haqlı iradları qəbul olunmamışdır. X22 Xidmətinin rəisi X16 28 dekabrda olacaq qəbuluna yazılmışlar. xx.xx.2023-cü il tarixdə X22 Xidmətinin rəisi X16 qəbuluna böyük ümidlə getsələr də, rəisin məzuniyyətdə olduğu bildirilmişdir. Etirazlardan sonra yenidən hüquq şöbəsinin müdiri Ziya bəyin qəbulunda olmuşlar, yenidən yazılı şikayət ərizəsi vermişlər və elektron sistemə işlənmişdir. Bütün qeyd olunanları və şikayətçi müəllimin onun işçisi olmadığını, onun əmək müqaviləsi ilə heç bir hüquqi bağlılığın olmadığını nəzərə alaraq X22 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasında X12 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, o, 218 nömrəli orta məktəbin direktorudur. 334 nömrəli məktəb açılışı keçirildikdən 2022-2023-cü ilin tədris ilə müvafiq qaydada fəaliyyətə başlamış, həmin məktəbin möhürü və elektron imzası yoxdur. Həmin məktəbə yaxın ərazidə yerləşən məktəb onun direktor olduğunu məktəb olduğundan 334 nömrəli orta məktəbdə işləməyə başlayan müəllimlərin əmək müqaviləsi bildirişi onun elektron imzası vasitəsilə elektron sistemə daxil edilmişdir. Həmin məktəbin hazırda direktoru yoxdur, orada vəzifəli şəxs direktor müavini vəzifəsində işləyən Şahiddur. Mehmanə Mustafazadə müvafiq müsabiqədən keçmiş və müəllimə kimi 334 nömrəli orta məktəbə göndərilmişdir. Həmin məktəbin möhürü və imzası olmadığından əmək müqaviləsi bildirişi sistemə onun imzası ilə daxil edilmiş, işə götürən şəxs isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdürü Mehriban Vəliyeva olmuşdur. 334 nömrəli məktəb isə təhvil verilmədiyindən 218 nömrəli tam orta məktəbinin filialı kimi sistemdə qeydiyyatı aparılır. Mehmanə Mustafazadə ilə bağlı əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmasına baxmayaraq Təhsil Nazirliyindən onun işə götürülməsi ilə bağlı məktub gec daxil olduğundan, hətta dəqiq deyilsə, kurator həmin məktubu gözləmdən əmək müqavilələrinin sistemə daxil etmələrini bildirdiyindən əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 334 nömrəli orta məktəb ştata götürülmədiyindən 218 nömrəli tam orta məktəbinin filialı kimi sistemdə qeydiyyatı aparılır. Özü də 218 nömrəli tam orta məktəbinin filialında təlim-tərbiyə işləri üzrə direktoru müavini vəzifəsinə təyin olunmuşdur. Faktiki olaraq direktor vəzifələrini o icra edir. Məktəbin elektron imzası olmadığından və 218 nömrəli tam orta məktəbinin filialı kimi sistemdə qeydiyyatı aparıldığından 218 nömrəli məktəbin direktoru X7 elektron imzası vasitəsilə əmək müqaviləsi bildirişləri elektron sistemə daxil edilir. Mehmanə Mustafayeva ilə bağlı isə onun işə götürülməsi ilə bağlı Təhsil Nazirliyindən müvafiq məktub gec daxil olduğundan əmək müqaviləsi bildirişi elektron sistemə gec daxil edilmişdir. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X22 Xidmətinin Bakı şəhəri İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X22 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - X22 Xidmətinin Bakı şəhəri İdarəsinin rəis müavini X23 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında X4 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu aşkar edildiyindən X12 tərəfindən Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək barəsində 3000 manat məbləğdində inzibati qaydada cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş: -əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X8 ilə Bakı şəhəri 218 nömrəli tam orta məktəb arasında xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, işə başlama tarixi xx.xx.2023-cü il, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü il tarixdir. -2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu üzrə müsabiqə müddətli müqavilə əsasında işə qəbul prosesindən çıxarışdan görünür ki, X9, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində 334 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi üzrə vakant yerə dair imtahadan keçmişdir. -işgötürən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdürü X10 ilə işçi X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, işçi X9, işəgötürən tərəfindən Bakı şəhəri 218 nömrəli tam orta məktəbinin filialında müəllim vəzifəsinə işə qəbul edilmişdir. -Bakı şəhəri üzrə Təhsil İdarəsi Rəşid Baxışov adına 218 N-li tam orta məktəbin direktoru Əbülfət Bağırov tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yannda X22 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 72 nömrəli məktubun surətindən görünür ki, 2022-2023-cü tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsində müddətli əmək müqaviləsi əsasında 218 nömrəli tam orta məktəbin filialı olan 334 nömrəli tam orta məktəbinin müəllimi X3 məktubu gecikdiyi üçün işə təyin olunduğu gündən elektron imzaya daxil edilməmişdir. Qeyd etdikləri problemlə əlaqədar həmin müəllimin xx.xx.2023-cü il tarixdən elektron imzaya daxil edilməsinə və xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün əmək haqqı almasına köməklik göstərilməsinə xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasına görə X12, X22 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək barəsində 3000 manat məbləğdində inzibati qaydada cərimə tətbiq edilmişdir. İşin araşdırılmış hallarından isə müəyyən olunur ki, Bakı şəhərində 334 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi üzrə vakant yerə dair imtahadan keçmiş X8 ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdürü X10 arasında müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinə əsasən X8 218 N-li tam orta məktəbinin filialında müəllim vəzifəsinə işə qəbul olunmuşdur. Həmçinin işin hallarından görünür ki, Bakı şəhərində 334 nömrəli tam orta məktəb faktiki olaraq mövcud olsa da, lakin rəsmi olaraq müvafiq qeydiyyatdan keçməmiş və həmin məktəblə bağlı məlumatlar elektron sistemdə 218 N-li tam orta məktəbinin filialı kimi qeyd alınmaqla, işçiləri ilə bağlı əmək müqaviləsi bildirişi 218 N-li tam orta məktəbinin direktoru X11 məxsus elektron imza vasitəsilə elektron sistemə daxil olunur. Göstərilənlərə əsasən müəyyən olunur ki, X5 işəgötürən, işlərin görülməsinə cəlb edən şəxs X12 olmamışdır. Belə ki, İXM-in 192-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə həmin işəgötürən şəxslər məsuliyyət daşıyır. Lakin, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X2 Əbülfət Zeynal oğlu tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmamış, Mehmanə Mustafazadə faktiki işlədiyi məktəb rəsmi olaraq müvafiq qeydiyyatdan keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi üzrə bildiriş Əbülfət Zeynalova məxsus elektron imza vasitəsilə elektron sistemə daxil edilmişdir. X8 ilə X12 arasında hər hansı bir əmək münasibəti yaranmamış, həmçinin X8 ilə bağlanmış əmək müqaviləsindən də görünür ki, sonuncunu işə götürən şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdürü X6r. Ona görə də məhkəmə hesab edir ki, X7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair X22 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair X22 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı Əbülfət Bağırovun əməllərində inzibati xəta tərkibi olmadığından ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar