Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-14/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 nümayəndəsi, 38 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/01116 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/01116 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ona nə bu protokol, nədə ki, inzibatı tənbeh vermə haqqında qərar gömrük orqanı tərəfindən heç bir rəsmi formada göndərilməmiş və təqdim olunmamışdır. İnzibati tənbeh vermə haqqında qərarın ona təqdim olunmalı (göndərilməli) nüsxəsini yalnız özü xx.xx.2024-cü il tarixində HNBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə yaxınlaşaraq ilk dəfə rəsmi formada (təsdiqedici akt əlavə edilir) əldə etmişdir. Barəsində qəbul edilmiş 09 10.2023-cü il tarixli, ********** nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, İnzibatı Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilmiş və onun barəsində 2545.61 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin hesab edir ki, barəsində tərtib olunmuş müvafiq protokol və inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması əməli inzibati xəta olaraq nəzərdə tutulur. Qeyd edilən xətanın özü, yəni qanunu pozan ictimai təhlükəli əməl xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən geri qaytarılmaması ilə ifadə olunur. Göründüyü kimi, bu inzibati xətanın subyekti olan şəxs xarici iqtisadi fəaliyyətin həyata keçirilməsilə məşğul olmalıdır. Başqa sözlə subyekt vergi qeydiyyatına alınmış hüquqi şəxs yaxud hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi (fiziki) sahibkar ola bilər. Adi fiziki şəxs bu maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli hesab edilə və məsuliyyətə cəlb edilə bilməz. Çünki sahibkar olmayan fiziki şəxs hər hansı iqtisadi fəaliyyətlə, xüsusən də xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi ilə məşğul ola bilmir və belə olduğu təqdirdə onun hüquqi cəhətdən Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada hər hansı məbləği köçürmək vəzifəsi də əmələ gələ bilməz. Qeyd edilənlər üçün VÖEN-in mövcud olması pul hesabının köçürülməsi nəzərdə turulmuş bankın məlumatlarının öz əksini tapdığı bir mövcud kommersiya müqaviləsinin olması zəruridir. Bu baxımdan məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, ölkə xaricinə (Gürcüstan, Batumi) mal ixrac etdiyi vaxt, yəni xx.xx.2017-ci il tarixində heç bir VÖEN-ə sahib olmamış və gömrük orqanına heç bir alqı-satqı yaxud digər oxşar kommersiya müqaviləsi təqdim etməmişdir. Qanunvericiliyə əsasən VÖEN məlumatı, xarici şəxslərlə bağlanmış müqavilə və digər zəruri sənədlər ixrac rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün gömrük orqanına təqdim edilməlidir. Lakin, gömrük orqanı əməkdaşları onun həmin zaman qanunvericiliyin bu tələblərini bilmədiyi və ixrac üçün müvafiq sənədlərə və şərtlərə cavab vermədiyi halda ona bununla bağlı məlumat və imtina verməmiş, əksinə onun ixracla bağlı müraciəti qanunsuz olaraq rəsmiləşdirmişlər. Təsadüfi deyildir ki, onun VÖEN və hər hansı müqavilə məlumatı tərtib edilmiş xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmamışdır. Eyni zamanda tərtib edilmiş tənbeh vermə qərarında da bu cür məlumatlara rast gəlmək mümkün deyil. Lakin, diqqətə çatdırmaq üçün qeyd edir ki, baxmayaraq ki, onun həmin vaxt VÖEN-i olmamış və heç bir sənəddə onun sahibkar olmağı barədə bir qeyd olmamış, bununla belə gömrük əməkdaşları tərtib edilmiş tənbeh vermə qərarında dəfələrlə onu “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan” şəxs kimi təqdim etmişlər. O, yalnız gömrük rəsmiləşdirməsindən təqribən üç ay sonra (xx.xx.2017) vergi qeydiyyatına durmuş və tamam digər məqsədlər və fəaliyyət kodu üzrə qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilən əsas səbəbdən əlavə olaraq, əgər hətta hesab etsəydi ki, o, bu inzibati xətanın subyektidir, bu halda belə inzibati xətaya 1 ilik müddətin keçməsi ilə bağlı xitam verilməli idi. Gömrük orqanı inzibati xətanın baş verdiyi tarixdən 5 il sonra qərarı tərtib etmiş və onu əsassız olaraq uzanan cinayət kimi tövsif etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, uzanan hüquq pozuntusu konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır. Lakin, göründüyü kimi, bu iddia edilən inzibati xətanın törədilmə anı olsaydı bu bəyannamə tarixindən sonrakı 180-ci gündən sonrakı gün olacaqdı və həmin gündə inzibati xəta törədilərək başa çatacaqdı. Plenum qərarından göründüyü kimi, uzanan xəta hüquqa zidd əməlin subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Bu xətada hüquqazidd əməl pul vəsaitlərinin ölkədəki banka köçürülməməsidir. Lakin bu iddia edilən pozuntu nə onun özü, nə də ki, gömrük orqanının müdaxiləsi ilə sonlanmamışdır. Belə olan təqdirdə bu əməl uzanan əməl kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli inzibati tənbeh vermə haqqında qərarın və inzibati xəta üzrə icraatın ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında X1 nümayəndəsi X6 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01116 saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01116 saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X4 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 00800-00665/23 nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları əsasında müəyyən edilmişdir. X4 tərəfindən xx.xx.2017-ci il tarixli, **********8498 sorğu nömrəli gömrük bəyyanaməsi üzrə ixrac edilən malların müqabilində 2994.83 ABŞ dolları (5091.21 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Belə ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə X2 fəaliyyəti ilə əlaqədar müxtəlif adlı yükü konsiqnasiya yolu ilə 2994.83 ABŞ dolları qiymətinə sataraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə ixrac etmiş, lakin ixrac etdiyi malların müqabilində əldə olunan vəsaiti 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Göstərilənlərə əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 5091.21 manatın 50 faizi həddində- yəni 2545.61 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. -xx.xx.2017-ci il tarixli, **********498 sorğu nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, ixracatçı X4 tərəfindən idxalatçı Gürcüstan Respublikası, Batumi Zhordaniada yerləşən “Karvan Turizm LTD” şirkətinə, ümumi gömrük dəyəri 5099 ABŞ dolları dəyərində elektrik səs tezliyi gücləndiriciləri göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarına müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Həmin qərarda göstərilmişdir ki, malların (işlərin, xidmətlərin) ixracı zamanı inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndinə əsasən “cari valyuta əməliyyatı” əməliyyatın forması və hesablaşma üsulu konkretləşdirilmədən malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi kimi müəyyən edilmişdir. “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə X4 tərəfindən Gürcüstan Respublikasında yerləşən “Karvan Turizm LTD” şirkətinə ümumi gömrük dəyəri 5099 ABŞ dolları olan malı satış məqsədilə göndərilmişdir (ixrac edilmişdir.) Bu hal X4 tərəfindən mübahisələndirilməyən haldan ibarətdir. Tərəfindən mübahiləndirilən hal isə malın ixrac edildiyi vaxtı onun VÖEN-i olmaması səbəbindən o, sahibkar fəaliyyəti ilə əlaqədar xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi kimi gömrük orqanı tərəfindən qiymətləndirilməsidir. Məhkəmə, mübahisəndirilən hala qiymət verərək bu halı əsassız hesab edir. Belə ki, malların satış məqsədilə ixrac edilməsi iş üzrə mübahisə edilməyən haldan ibarət olmaqla, eyni zamanda bunun əksinə dəlalət edən mövqə göstərilməməklə müvafiq sübutlarda məhkəməyə təqdim edilməmişdir. Həmçinin ixrac edilmiş malların müqabilində əldə edilən pul vəsaitinin (valyuta vəsaitinin) 180 gün ərzində geri qaytarılması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri mövcud olmuşdur. Lakin, ixrac olunan malın xx.xx.2017-ci il tarixdə bəyan edilməsini və yuxarıda qeyd olunan Qaydalara əsasən 180 gün ərzində, yəni xx.xx.2017-ci il tarixədək ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaitinin geri qaytarılmalı olmasına baxmayaraq qaytarılmamasını, növbəti günün (xx.xx.2017-ci il tarixin) isə qanunvericiliyə əsasən inzibati xətanın törədildiyi gün kimi qəbul edilməsini və bu inzibati xətanın törədildiyi gündən bir ildən çox vaxt keçməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən X3 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu zaman məhkəmə, gömrük orqanı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 00800/01116 nömrəli, xx.xx.2023-cü il tarixli qərarda qeyd olunmuş əsası, yəni törədilmiş inzibati xətanın uzanan inzibati xətaya aid olmasını, baş vermiş inzibati xəta hadisəsi faktının Gömrük Prosedurları və Ödənişləri şöbəsinin xx.xx.2023-cü il tarixdə aşkar edilməsi və bundan bir il keçməməsi əsasına qiymət verərək bu yanaşmanı qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Belə ki, qanunvericiliyə əsasən ixrac olunan malların bəyan edildiyi gündən 180 gün ərzində onların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilir. Yəni İnzibati xətəlar Məcəlləsinin 483-cü maddəsində nəzərtə tutulan inzibati xəta aşkar şəkildə törədilməklə uzanan inzibati xətalar kateqoriyasına aid deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan maddələrinin tələblərini, eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən X4 barəsində xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxtı sonuncunun inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsini və buna görə qanunvericilikdə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması mümkünsüz hesab edildiyindən məhkəmə hesab edir ki, həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X7 tərəfindən qəbul edilmiş 00800/01116 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X7 tərəfindən qəbul edilmiş 00800/01116 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-14/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-14/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver