Məhkəmə qərarları › İş №3(003)-143/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-143/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-143/2024 26.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsindən daxil olmuş 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq pirotexniki maddələrin satışı ilə məşğul olmuşdur. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibari xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bu məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli fərmanında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Həmin fərmanda göstərilmiş siyahının 8.1-ci bəndində qeyd edilmiş vəzifəli şəxslərin siyahısı aşağıdakılardan ibarətdir: inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – iqtisadiyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi. Göründüyü kimi fərmana əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki iş üzrə inzibati xəta haqqında protokol Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin sahə müvəkkili tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsindən daxil olmuş 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar