Məhkəmə qərarları › İş №3(003)-1452/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1452/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1452/2021 29.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin ünvanına daxil olmuş ***- *******0 nömrəli aviaqaimə ilə müşaiyət olunan poçt göndərişlərinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk halının mövcudluğu barədə şübhələr müəyyən edilmiş və risk qiymətləndirilməsi həyata keçirilmiş, aparılan gömrük baxışı zamanı 12 (on iki) ədəd bağlamanın bir neçə halda tərkib hissəsini təşkil edən malların oxşar cinsliliyi, göndərən mağazaların əksər hallarda eyniliyi və s. indiqatorlar malların şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığı ilə bağlı şübhələr formalaşdırması barədə 23 oktyabr 2021-ci il tarixli 34/020/027306 nömrəli raportda qeyd edilmişdir. Beləliklə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma ilə əlaqədar müvafiq qanunvericiliyə uyğun olaraq keçirilən yoxlama zamanı yuxarıda qeyd edilən 12 (on iki) ədəd bağlamanın Şəxs məxsus olduğu sifariş edilən bağlamaların kommersiya təyinatlı mallar olduğu aşkar edilmiş və həmin bağlamalar araşdırma məqsədilə tərəfilərindən götürülmüşdür. Araşdırma məqsədilə vətəndaş Şəxs izahatı alınmışdır. Vətəndaş izahatında ABŞ-dan daxil olmuş ***-*******0 nömrəli aviaqaimə ilə müşaiyət olunan Günay İmanova, Hamlet Gülalıyev, Tural Gülalıyev, Ofeliya Ağayeva, Zaur Mirzəyev, Mahir Daşdəmirov, Arzu Həsənova, Toğrul Həsənov, Hüseyn Həsənov, Əvəz Cəlilov, Mustafa İmanov, Şahin İmanov adına gələn 12 ədəd bağlamada olan noutbukları onun sifariş verdiyini, yaxın tanışlarına satacağını, məhsullara görə cəmi 5390,36 ABŞ dolları pul ödədiyini bildirmişdir. Beləliklə, Gömrük Məcəlləsinin tələblərinə əsasən malların təyinatını, yəni şəxsi istifadə və ya istehlak məqsədləri üçün gətirildiyini yəqinləşdirməklə xassələri, miqdarı gömrük əməkdaşı tərəfindən təyin edilə bilər. Azərbaycan Respublikası vətəndaşı Şəxs ümumi dəyəri 5390,96 ABŞ dolları olan kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Bununla bağlı Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 00800-0214/21 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək, protokolda yazılanlarla razı olduğunu, əməlindən peşman olduğunu bildirdi və məhkəmədən ona yüngül tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 5390,36 (beş min üç yüz doxsan, otuz altı) ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi – 1617,10 (bir min altı yüz on yeddi, on) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 29 noyabr 2021-ci il tarixə 1 ABŞ dolları 1.70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 1617,10 (bir min altı yüz on yeddi, on) ABŞ dolları pul vəsaiti 2749,07 (iki min yeddi yüz qırx doqquz, yeddi) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 5390,36 (beş min üç yüz doxsan, otuz altı) ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 1617,10 (bir min altı yüz on yeddi, on) ABŞ dolları olmaqla 2749,07 (iki min yeddi yüz qırx doqquz, yeddi) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar