Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1457/2024 26.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.2 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.2 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 07 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati potokolu tərtib etmiş şəxsin nümayəndəsi Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, 05 iyun 2024-cü il tarixdə Şəxs sürücülük hüququ olmadan sərxoş halda Mercedes Benz E200 minik markalı, 99LR526 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Bununla əlaqədar olaraq nəqliyyat vasitəsi saxlanılarkən sürücüyə yaxınlaşdıqda kəskin spirt qoxusu gəldiyindən sürücü sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün sərxoşluq müayinəsinə dəvət edilmiş, sürücü yol-patrul xidməti avtomaşınına quraşdırılmış xüsusi texniki vasitə olan Alkotester vasitəsilə saat 20:20 radələrində yoxlanılarkən alkoqolun miqdarı 2,063% olmuşdur. Həmçinin yol-patrul xidməti avtomaşınına quraşdırılmış bort-kompyuter xüsusi texniki vasitəsinin köməyi ilə sürücünün şəxsiyyəti müəyyən edilərək Şəxs olması, həmçinin sürücülük hüququnun olmaması aşkar edilmiş, Şəxs sərxoş olduğundan ilkin olaraq yol-patrul xidməti inspektorlarına qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmiş və nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinə maneçilik törətmişdir. Qeyd olunanlara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.3, 332.2 və 334.1-ci maddələrinin tərkibi yarandığı üçün onun qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətaları törətdiyini etiraf edərək, əməlindən peşman olduğunu qeyd etmiş və barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan Xəzər RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.2 və 334.1-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələr ilə protokol tərtib edilmişdir. İnzibati xətanın aşkar edilməsində İN642240 nömrəli xüsusi texniki vasitə istifadə edilmişdir. İş materiallarında olan İN642240 nömrəli xüsusi texniki vasitəsinin göstəricilərindən görünür ki, müəyyən edilmiş alkoqolun miqdarı 2.063 % olmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə xx.xx.2024-cü il tarixli, 24/2 saylı protokoldan görünür ki, Şəxs sürücülük hüququ olmadan sərxoş halda nəqliyyat vasitəsini idarə etdiyindən aşkarlanmış sərxoşluğun miqdarı təyin edildikdən sonra sürücü nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılmışdır. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Mercedes Benz E200 minik markalı, 99LR526 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs məxsusdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitələrinin idarə edilməsi hüququna malik deyil. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 05 iyun 2024-cü il tarixdə Şəxs sürücülük hüququ olmadan sərxoş halda Mercedes Benz E200 minik markalı, 99LR526 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş, bununla əlaqədar olaraq nəqliyyat vasitəsi saxlanılarkən sürücüyə yaxınlaşdıqda kəskin spirt qoxusu gəldiyindən sürücü sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün sərxoşluq müayinəsinə dəvət edilmiş, sürücü yol-patrul xidməti avtomaşınına quraşdırılmış xüsusi texniki vasitə olan alkotester vasitəsilə saat 20:20 radələrində yoxlanılarkən alkoqolun miqdarı 2,063% olmuş və yol-patrul xidməti avtomaşınına quraşdırılmış bort-kompyuter xüsusi texniki vasitəsinin köməyi ilə sürücünün şəxsiyyəti müəyyən edilərək Şəxs olması, həmçinin sürücülük hüququnun olmaması aşkar edilmiş, Şəxs sərxoş olduğundan ilkin olaraq yol-patrul xidməti inspektorlarına qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmiş və nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinə maneçilik törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur..” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, İİİ qrup əlil olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır.. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.2 və 327.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X4 X1 həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2 və 327.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1457/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1457/2024
26.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver