Məhkəmə qərarları › İş №3(003)-146/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-146/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-146/2024 26.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsi X3i İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin Yol Patrul Xidməti inspektoru E.Seyidov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 342.5-ci maddələri ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:22 radələrində “VAZ 21074” minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs tərəfindən manevr etmə qaydalarını və işıq cihazlarından istifadə qaydalarını pozmaqla sərxoş vəziyyətdə idarə edildiyi aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli hesab etməyərək, həmin hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun 0,402 promil olması aşkar edilmişdir. Həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyini və sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzə getməyə ehtiyac olmadığını qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə xx.xx.2024-cü il tarixli, 1/7899 saylı aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:44 radələrində keçirilmiş müayinənin nəticəsi olaraq Şəxs alkoqol sərxoşluğunun 0,00 promil olması aşkar edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, 01 yanvar 2024-cü il tarixdə, saat 13:22 radələrində Şəxs avtomobili manevr etmə qaydalarını və işıq cihazlarından istifadə qaydalarını pozmaqla idarə etməsi səbəbindən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra onun nəqliyyat vasitəsinin alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs alkoqol sərxoşluğunun dərəcəsinin aşkar edilməsi məqsədi ilə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçirilmədiyini, onun sərxoşluq vəziyyətinin həmin vəziyyəti təyin edən xüsusi texniki vasitədən (alkotesterdən) istifadə edilməklə müəyyən edildiyini, hadisədən 2 saatdan artıq vaxt sonra keçəndən sonra saat 16:44-də özünün sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçdiyini və həmin müayinənin nəticələrinə görə onun sərxoş olmadığının müəyyən edildiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun sərxoşluq vəziyyəti xüsusi texniki vasitədən (alkotester) istifadə etməklə müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokolda Şəxs özü nəqliyyat vasitəsini alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyini qeyd etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçirilməməsi məsələsinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Hazırki iş üzrə isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin sərxoşluq vəziyyətinin xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etməsi və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmaması iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, 01 yanvar 2024-cü il tarixdə, saat 13:22 radələrində Şəxs xüsusi texniki vasitədən (alkotesterdən) istifadə edilməklə sərxoşluq vəziyyəti müəyyən edilərkən onun sərxoşluq dərəcəsinin 0,402 promil olması müəyyən edilmişdir. Daha sonra həmin tarixdə saat 16:44-də Şəxs özü sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçərkən həmin müayinənin nəticəsi olaraq onun orqanizmində olan alkoqolun miqdarı 0,00 promil olaraq müəyyən edilmişdir. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, məhkəmənin icraatında olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işlərə baxılarkən yaranmış bu cür ziddiyyətli halların araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsə müvafiq sorğular verilmişdir. X2 tərəfindən həmin sorğulara verilmiş cavablarda insan orqanizmindən alkoqolun miqdarının hər bir saata görə 0,20-0,40 promil təmizləndiyi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati protokol tərtib edilərkən onun orqanzimində müəyyən edilmiş 0,402 promil miqdarında alkoqolun iki saat ərzində yəni sərxoşluq vəziyyətinin tibbi müayinəsinin keçirildiyi vaxta qədər onun orqanzimindən xaric olmaq ehtimalı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsinə əsasən “Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı Şəhər Baş Polis İdarəsi X3i İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı Şəhər Baş Polis İdarəsi X3i İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar