Məhkəmə qərarları › İş №3(003)-1460/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1460/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1460/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun, X1 nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 02 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, 5 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi, döngə 2, ev 38-də qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən tərtib olunmuş 16 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 21 avqust 2018-ci il tarixdən başlayaraq 15 fevral 2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 135 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə gəlmədiyinə görə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə barəsində axtarış qərarları qəbul edilmişdir. Qeyd olunan alimenti ödəmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. O, 1080 manat aliment borcundan 800 manat ödəniş etdiyinə görə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə işin icraatına xitam verilmişdir. Hazırda Şəxs borcu 11350 manat təşkil edir. O, bu gün saat 10:00-da polis əməkdaşlarının vasitəsilə icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, heç bir yerdə işləmir. 3 dəfə ailə qurmuş və 5 uşağı vardır. Sonuncu nikaha 2021-ci ildə daxil olmuş, həmin nikahdan 2 uşağı vardır, onlar da xəstədirlər. Aliment borcundan sonuncu dəfə 2019-cu ildə 800 manat ödədikdən sonra maddi imkanı olmadığına görə heç bir ödəniş etməmişdir. Bu gün saat 10:00 radələrində polis əməkdaşları tərəfindən icra şöbəsinə aparılmışdır. Məhkəmə tərəfindən vaxt verilsə borcundan hər ay 300-400 manat olmaqla ödəniş edə biləcəyini, barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında X1 nümayəndəsi X6 göstərdi ki, borclu Şəxs aliment borcundan sonuncu dəfə 2019-cu ildə 800 manat ödədikdən sonra heç bir ödəniş etməmişdir. O, bu günədək uşaqları ilə maraqlanmamışdır. Şəxs barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, 21 avqust 2018-ci il tarixdən başlayaraq Şəxs 15 fevral 2004cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 135 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli qərarlarında görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinən Şəxs məhkəmə baxışı zamanı 1080 manat borcdan 800 manat ödəniş etdiyinə görə iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2019-cu il tarixdən heç bir ödəniş etməmiş, icra sənədini üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədi üzrə olan borcu 11350 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarları qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, heç bir yerdə işləməməsini, icra sənədini üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu gün saat 10:00-da polis əməkdaşları vasitəsilə icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 16 sentyabr 2022-ci il tarixdən, saat 10:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar