Məhkəmə qərarları › İş №3(003)-1466/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1466/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1466/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin 12 iyul 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin inzibati tənbeh vermə haqqında 12 iyul 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 02 iyul 2022-ci il tarixdə təxminən saat 17:44 radələrində Bakı şəhəri, X6 2 ünvanı ərazisində Yol Patrul Xidmətinin baş inspektoru polis kapitanı X3 tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində əsassız olaraq xx.xx.2022-ci tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Belə ki, hadisə baş verən vaxtda şikayətçi yol hərəkəti qaydalarına uyğun olaraq hərəkət edirmiş, bu an sözügedən yol patrul əməkdaşı onun hərəkətini saxlayaraq, düz xəttdə manevr edərək yol hərəkət qaydalarını pozduğunu bildirmişdir. Şikayətçi ona buna dair video görüntü, fotoşəkil və ya hər hansısa maddi sübutun təqdim edilməsini xahiş etsə də, ona hər hansı formada inzibati xəta törətməyi sübuta yetirilmədi. Buna baxmayaraq şikayətçi barədə əsassız olaraq protokol tərtib edilmişdir. Şikayətçi dərhal protokoldan elektron qaydada şikayət vermişdir. Etdiyi şikayətlərə baxmayaraq Bakı şəhəri X8 İdarəsi tərəfindən sözügedən inzibati xəta haqqında protokol araşdırılmadan, əsassız olaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilməssinə dair xx.xx.2022-ci il tarixli, TP5123688 saylı qərar qəbul edilmişdir. Şikayətçi qeyd edir ki, hadisə baş verən vaxtda protokolu tərtib etmiş yol patrul xidrmətinin əməkdaşı tərəfindən ona “əgər bizimlə yaxşı danışsaydın sənə protokol tərtib etməzdik” ifadəsini işlətməsi həmin protokolun əsassız olaraq və prinsipial şəkildə tərtib edildiyini göstərir. Həmçinin nə yol patrul xidmətinin əməkdaşları, nə də Bakı şəhəri DYPİ tərəfindən onun təqsirli olmasına dair hər hansısa sübut təqdim edilməmişdir. Belə ki, qərar qəbul olunmazdan əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta törədilməsinə dair sübutlar təhlükəsiz şəhər kameralarından çıxarılaraq ona təqdim olunmalı idi. Lakin bütün bunlar baş vermədən şikayətçi barəsində əsassız və ədalətsiz olaraq qərar qəbul edilmiş və hüquqlarım kobud şəkildə pozulmuşdur.Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi və inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin inzibati tənbeh vermə haqqında 12 iyul 2022-ci il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin 12 iyul 2022-ci il tarixli, TP ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci madəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi onun tərəfindən ona istinad edilən inzibati xətaları törətmədiyini qeyd edərək adıçəkilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən ətraflı araşdırma aparılmadan qərar qəbul edilmişdir. Belə ki araşdırma aparmış orqan həmin ərazidə yerləşdirilmiş “Təhlükəsiz şəhər” videomüşahidə kameralarına baxış keçirmədən bu qənaətə gəlmişdir. Şikayətçi bununla bağlı inzibati xəta haqqında protokolu tərtib edən orqana müraciət etsə də, həmin müraciətə cavab verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasları iki dəfə təxirə salınmasına baxmayaraq inzibati qərarı qəbul etmiş orqan məhkəmə iclasında öz nümayəndəsinin (qərarı qəbul etmiş yol patrul xidmətinin baş inspektoru polis kapitanı X3) iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə qəbul edilmiş 12 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən yenidən araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin 12 iyul 2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə geri qaytarılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar