Məhkəmə qərarları › İş №3(003)-1475/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1475/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1475/2021 06.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Demir (Nəcəfova) Gülbəs Yaşar qızının iştirakları ilə xx xxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Demir (Nəcəfova) Gülbəs Yaşar qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 18 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, 25 saylı notariat ofisinin 8İ-1033 saylı 25 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən 11020 (on bir min iyirmi) borc Demir (Nəcəfova) Gülbəs Yaşar qızından tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Demir (Nəcəfova) Gülbəs Yaşar qızına göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan 25 saylı notariat ofisinin 8İ-1033 saylı 25 sentyabr 2019-cu il tarixli icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 18 noyabr 2021-ci il tarixdə borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən ən müxtəlif bəhanələrlə yayınmışdır. Halhazırda borclunun tələbkara 11020 (on bir min iyirmi) manat borcu vardır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu indiyə qədər 800 (səkkiz yüz) manat ödəmiş, qalan 10220 (on min iki yüz iyirmi) manatı isə ödəməmişdir. Onunla aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, o, indiyə qədər borcluya borcundan ödəniş etmək üçün dəfələrlə müraciət etmiş, lakin borclu borcundan 800 (səkkiz yüz) manat ödəmiş, qalan 10220 (on min iki yüz iyirmi) manatı isə indiyə qədər ödəməmişdir. Bütün bunları nəzərə alaraq borcunun tam ödətdirilməsinə köməklik göstərilməsini və borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Demir (Nəcəfova) Gülbəs Yaşar qızı göstərdi ki, mülkiyyətində ev və torpaq sahəsi vardır, onları satıb borcunu ödəmək istəyir, lakin hələlik sata bilmədiyi üçün maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı icra sənədi üzrə 11020 (on bir min iyirmi) manat borcundan 800 (səkkiz yüz) manat ödəmiş, qalan 10220 (on min iki yüz iyirmi) manatı isə indiyə qədər ödəyə bilməmişdir. Borcunu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin maddi çətinlikləri borcunu tam ödəməyə hələlik imkan vermir. Ona bir qədər vaxt verilərsə, borcunu hissə-hissə ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Demir (Nəcəfova) Gülbəs Yaşar qızı həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nadir İslamovun əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun tam ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Demir (Nəcəfova) Gülbəs Yaşar qızının şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun tam ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Demir (Nəcəfova) Gülbəs Yaşar qızı Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06 dekabr 2021-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar