Məhkəmə qərarları › İş №3(003)-1478/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1478/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1478/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 05 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzizati xəta haqqında protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-470/2025 saylı icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdeh Şəxs iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat, xəbərdarlıq verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Şəxs bugünədək olan ümumi borcu 1392 manat təşkil edir. Şəxs borcundan ödənişlər etmişdir. Lakin, həbsdən sonra reabilitasiya mərkəzində olduğuna görə oktyabr ayından etibarən 3 aylıq borcu anası tələbkarın hesabına ödəmişdir. Lakin, tələbkar həmin məbləğin alimentə aidiyyatı olmadığını bildirir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun tələbkara borcu yoxdur. Hər ay ödəniş etmişdir. Həbsdən sonra reabilitasiya mərkəzində olduğuna görə anası tələbkara ödənişlər etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, cəmi 1856 manat ödəniş edilmişdir. Borclunun 1392 manat borcu qalmışdır. Lakin o, borcun tam olaraq ödənilməsini tələb edir. Qaynanasının ona verdiyi pulların bir qismi ərzaq almaq üçün olmuşdur. Bu səbəbdən də həmin ödənişləri aliment ödənişi kimi qəbul etmir və ödənilməsini tələb edir. Ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-470/2025 saylı icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdeh Şəxs iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. -İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-470/2025 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Qərar və bildiriş borclu tərəfindən xx.xx.2025-ci il tarixdə şəxsən alınmışdır. -Borclu Şəxs tərəfindən verilmiş izahatlardan aydın olur ki, sonuncu icra sənədləri üzrə borcunu ödədiyini, həbsdən çıxdıqdan sonra reabilitasiya mərkəzində olmasına görə qalan borc məbləğinin anasının tələbkara ödədiyini bildirmişdir. -Ödəniş qəbzlərinin surətlərindən görünür ki, borclu Şəxs tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan ki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528-ci maddənin qeydinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Hər iki tərəfin mübahisəsiz olaraq qəbul etdiyi həqiqi hal 1856 manat ödənişin edilməsidir. Borclu şəxs bildirir ki, o, reabilitasiya mərkəzində olarkən mübahisə edilən 1392 manat məbləğində pul onun anası tərəfindən tələbkara verilmişdir. Həqiqətən də iş materialları və tələbkarın özünün də izahatına əsasən bu hal təsdiq edilmişdir. Bu halda isə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunur. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar