Məhkəmə qərarları › İş №3(003)-15/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-15/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-15/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili LCG Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə MN ******* nömrəli, 04 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 45000.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 32452.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili LCG Vəkil Bürosunun vəkili X2 çıxış edərək təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib olunmuş protokolun əsassız olduğunu bildirmişdir. Belə ki, Şəxs MMC tərəfindən "xxxx" şirkətinə MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 45000 avro məbləğində mallar sifariş olunmuş, pul vəsaiti isə ayrı-ayrılıqda 2 dəfəyə 17 avqust 2022-ci il tarixdə 40000 avro və xx.xx.2022-ci il tarixdə isə 5000 avro ödəniş edilərək gömrük bəyyanaməsi üzrə olan məbləğ tam ödənilmişdir. Buna görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçı barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsini dinləyib, hər iki tərəfin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nın hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddəyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarında dəyişikliklər edilməsi barədə Qərarı qüvvəyə minmiş və həmin qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: 4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsini, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq, sadəcə hər-hansı bir səbəbdən onların vaxtında banka təqdim edilməməsi İXM-nın 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi "xxxx" şirkətinin bank hesabına xx.xx.2022-ci il tarixdə 45000.00 Avro məbləğində pul vəsaiti köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş bank sənədlərindən və gömrük bəyyanaməsindən görünür ki, Şəxs MMC tərəfindən tam şəkildə xx.xx.2022-ci il tarixdə ödənilmiş və inzibati xəta haqqında protokolda göstərilən 32452.00 Avro məbləğində xarici valyuta vəsaitinin ticari qarşılığı olaraq satın alınmış mallar qanunla nəzərdə tutulmuş 02 il müddət keçmədən tam şəkildə ölkəyə idxal edilmişdir. Göründüyü kimi, Şəxs MMC köçürülmüş avans məbləğinin müqabilində müvafiq malları Azərbaycana idxal etmişdir ki, bu da öz növbəsində həmin hüquqi şəxsin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN ******* nömrəli, 21 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nın hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP ******* nömrəli, 04 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən imza Düzdür Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar