Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1505/2021 20.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən “Poçt Göndərişləri” gömrük postundan daxil olmuş 01.11.2021-ci il tarixli, 34/020/027474 nömrəli raporta əsasən "xxxx" MMC-nin ünvanına Çindən **********5 nömrəli aviaqaimə ilə daxil olmuş poçt göndərişinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğu barədə şübhələr müəyyən edilmiş, risk qiymətləndirilməsi həyata keçirilmiş və aparılan gömrük baxışı zamanı Aydın Süleymanov, Elnur Quluzadə, Elvin Muradov, Cavid Muradov, Kamal Əliyev, Natavan Süleymanova, Ramidə Quliyeva, Raqiba Muradova, Rövşən Hüseynov, Rübabə Əliyeva, Safura Məmmədova, Şahin Kərimov, Sona Paşayeva adlarına göndərilən 126 (yüz iyirmi altı) ədəd bağlamanın bir neçə halda tərkib hissəsini təşkil edən malların oxşar cinsliliyi, eyni ünvandan göndərilməsi və s. indiqatorlar malların şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığı barədə şübhələr formalaşdırmışdır. “Poçt Göndərişləri” gömrük postunun 01.11.2021-ci il tarixli, 34/020/027474 nömrəli raportuna əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsində araşdırma başlanılmışdır. Müvafiq qanunvericiliyə uyğun olaraq keçirilən yoxlama zamanı yuxarıda adları qeyd edilən şəxslərlə bağlamaların üzərində qeyd edilən mobil nömrələr vasitəsi ilə əlaqə saxlanılmış və izahat vermələri üçün HNBGİ Təhqiqat şöbəsinə dəvət edilmişdir. HNBGİ Təhqiqat şöbəsinə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs bildirmişdir ki, sentyabr ayından Çindən "xxxx" MMC daşıma şirkəti vasitəsi ilə paltar, ayaqqabı sifariş eləmiş, sifarişlər 125 ədəd bağlamada gəlmişdir. Lakin, malları qohum və tanışlarının adlarına (Aydın Süleymanov, Elnur Quluzadə, Elvin Muradov, Cavid Muradov, Kamal Əliyev, Natavan Süleymanova, Ramidə Quliyeva, Raqiba Muradova, Rövşən Hüseynov, Rübabə Əliyeva, Safura Məmmədova, Şahin Kərimov) sifariş eləmişdir. Bu cür yolla malları sifariş etməkdə məqsədi 300 ABŞ dolları limitini keçmək istəməməyidir. Bütün mallara həyat yoldaşına məxsus olan bank kartı ilə 2380 ABŞ dolları məbləğində pul ödənişi etmişdir. HNBGİ Təhqiqat şöbəsi tərəfindən bağlamalara dair yoxlama həyata keçirilmiş və **********5 nömrəli aviaqaimə ilə Çin Xalq Respublikasından Aydın Süleymanov, Elnur Quluzadə, Elvin Muradov, Cavid Muradov, Kamal Əliyev, Natavan Süleymanova, Ramidə Quliyeva, Raqiba Muradova, Rövşən Hüseynov, Rübabə Əliyeva, Safura Məmmədova, Şahin Kərimov, Sona Paşayeva adlarına gələn umumilikdə 126 (yüz iyirmi altı) ədəd bağlamanın göndərildiyi, lakin Sona Paşayeva adına göndərilən 1 ədəd bağlamanın Şəxs məxsus olmadığı, Sona Paşayeva tərəfindən şşəxsi istifadə məqsədilə sifariş edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən Sona Paşayeva adına gələn bağlama təhvil-təslim aktı ilə vətəndaşın özünə təhvil verilmişdir. Beləliklə, araşdırma nəticəsində **********5 nömrəli aviaqaimə ilə Çin Xalq Respublikasından göndərilən gömrük dəyəri 2380,50 ABŞ dolları, çəkisi 100.19 kq olan 125 (yüz iyirmi beş) ədəd bağlamanın sahibinin Azərbaycan Respublikası vətəndaşı Şəxs olduğu və onun kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Bununla bağlı Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən 17 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 00800-0224/21 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək, protokolda yazılanlarla razı olduğunu, əməlindən peşman olduğunu bildirdi və məhkəmədən ədalətli qərar çıxarılmasını edilməsini xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 2380 (iki min üç yüz səksən) ABŞ dolları valyuta vəsaiti məbləğinin qırx faizi – 952 (doqquz yüz əlli iki) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 20 dekabr 2021-ci il tarixə 1 ABŞ dolları 1.70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 952 (doqquz yüz əlli iki) ABŞ dolları pul vəsaiti 1618,40 (bir min altı yüz on səkkiz, qırx) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 2380 (iki min üç yüz səksən) ABŞ dolları məbləğinin 40 (qırx) faizi, yəni 952 (doqquz yüz əlli iki) ABŞ dolları olmaqla 1618,40 (bir min altı yüz on səkkiz, qırx) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1505/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1505/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver