Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1516/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, X1 və Bakı şəhər X9 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə X3 Bakı şəhəri X9 İdarəsi Yol Patrul xidməti baş inspektoru, polis kapitanı X4 tərəfindən verilmiş TP ******* nömrəli 11 noyabr 2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarın ləğvinə dair verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri X9 İdarəsi Yol Patrul xidməti baş inspektoru, polis kapitanı X4 tərəfindən verilmiş TP ******* nömrəli 11 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 göstərdi ki, 26 oktyabr 2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Ravon R4 LTZ” markalı, “**-PK-***” dövlət qeydiyyat nişanlı avtomobillə üzü Mərdəkan qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Ford-Tranzit” markalı avtomobil “yol ver” nişanının tələblərini kobud şəkildə pozaraq onun idarə etdiyi avtomobilin arxa sağ tərəfindən vurmuşdur. Hadisə yerinə Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru cəlb olunmuş, lakin ərazidə müşahidə kamerasının olmasına baxmayaraq, hadisə obyektiv araşdırılmadan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol və bu protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş protokol və qərar tam qanunsuz və əsassızdır. Bu səbəbdən də inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər X9 İdarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru, polis kapitanı X2 qəbul etdiyi TP ******* nömrəli 11 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. Məhkəmə şikayətçinin, Bakı şəhər X9 İdarəsinin nümayəndənin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri X9 İdarəsi Yol Patrul xidməti baş inspektoru, polis kapitanı X4 tərəfindən verilmiş TP ******* nömrəli 11 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 26 oktyabr 2021-ci il tarixdə saat 10:00 radələrində Heydər Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclası zamanı Bakı şəhər X9 İdarəsinin nümayəndəsi Nümayəndə yolnəqliyyat hadisəsinin video görüntüsünü məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən video görüntüyə baxılmış, müəyyən edilmişdir ki, Mərdəkan qəsəbəsi istiqamətdə hərəkətdə olan zaman “Ravon R4 LTZ” markalı, “**-PK-***” dövlət qeydiyyat nişanlı avtomobil sağa dönmə işıq göstəricisini yandıraraq dönmə əməliyyatı yerinə yetirərkən “Ford-Tranzit” markalı avtomobilin sürücüsü gəldiyi surətlə “Ravon R4 LTZ” markalı avtomobillə toqquşmüşdur. Həmçinin, məhkəmə iclasında iş materiallarında olan fotoşəkillərə baxış keçirilərkən müəyyən edildi ki, “Ford-Tranzit” markalı avtomobilin hərəkət istiqamətində “yol ver” nişanı quraşdırılmışdır. Bundan başqa, “yol ver” nişanından təxminən 50 metr irəlidə Binə istiqamətini göstərən yolayrıcı mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iclasında müəyyən edildi ki, 26 oktyabr 2021-ci il tarixdə “Ravon R4 LTZ” markalı, “**-PK-***” dövlət qeydiyyat nişanlı avtomobillə “Ford-Tranzit” markalı avtomobil aeroport yolunda toqquşmuşdur. Həmin tarixdə Bakı şəhəri X9 İdarəsi Yol Patrul xidməti baş inspektoru, polis kapitanı X4 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında TP ******* nömrəli 11 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 41ci bəndinə əsasən yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 77-ci maddəsinin İ bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin “u” bəndinə əsasən sürücü üçün başqa nəqliyyat vasitələrinə “yol vermək” göstərişi - onun hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edəcəyi təqdirdə, bu hərəkətləri etməkdən çəkinməli olduğu deməkdir. Məhkəmə hesab edir ki, baş yolda hərəkətdə olan X3 idarə etdiyi avtomobillə sağa dönmə işıq göstəricisini yandıraraq dönmə əməliyyatı yerinə yetirərkən yol-nəqliyyat hadisəsinin baş verməsi onun tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozması kimi qiymətləndirilə bilməz. Belə ki, “Ford-Tranzit” markalı avtomobilin sürücüsü hərəkət istiqamətində quraşdırılmış “yol ver” nişanının tələbinə riayət etmədən hərəkətinə davam etməklə, baş yolla hərəkət edən X3 idarə etdiyi “Ravon R4 LTZ” markalı avtomobilə yol verməli olduğu halda, bunu etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 105, 114- 117, 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri X9 İdarəsi Yol Patrul xidməti baş inspektoru, polis kapitanı X4 tərəfindən verilmiş TP ******* nömrəli 11 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1516/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1516/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver