Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1521/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs xx xxxxx 1994-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, ünvan ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 02 iyun 2022-ci il tarixli protokola əsasən Şəxs 14 may 2022-ci il tarixdə, saat 23:00-da idarə etdiyi «Vaz 21074» minik markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Elvin Cəfərov tərəfindən 24 may 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 6(003)-26/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı ilə Şəxs məhkəmə nəzarəti qaydasında şikayəti təmin olunaraq Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Elvin Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 may 2022-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmiş və toplanmış materiallar əlavə yoxlama və təhqiqat aparılması üçün Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nə göndərilmişdir. Sonradan Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov tərəfindən 15 sentyabr 2022-ci il tarixli qərarla Cinayət işinin başlanmasının rədd edilməsi və İXP seriyalı ******* nömrəli, 02 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolun qüvvədə saxlanması haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 14 may 2022-ci il tarixdə, saat 23:00-da idarə etdiyi «Vaz 21074» minik markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobil ilə St.Qala istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətində iki zolaqlı yolun sağdan ikinci zolağı ilə 90-100 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu zaman «Nissan Tiida» markalı avtomaşın məhəllə arası yoldan çıxaraq geriyə dönmək istəyərkən 25-30 metr məsafədən həmin avtomobili görüb əyləcdən istifadə etmiş, lakin avtomobili saxlaya bilmədiyindən toqquşma baş vermişdir. Hadisə zamanı «Nissan Tiida» markalı avtomobilin sürücüsü xəsarət aldığından təcili tibbi yardım maşını onu xəstəxanaya aparmışdır. O, «Nissan Tiida» markalı avtomobilin sürücüsünün səhhəti ilə maraqlanaraq köməklik etmək istəmiş, lakin sürücü heç nə lazım olmadığını bildirərək imtina etmişdir. Ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 14 may 2022-ci il tarixdə, saat 23:00-da idarə etdiyi «Nissan Tiida» minik markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobil ilə St.Qala istiqamətindən üzü Mərdəkan qəsəbəsi istiqamətində yolun qırağından yolun hərəkət hissəsinə daxil olub geriyə dönmə əməliyyatı keçirən zaman «Vaz 21074» minik markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobilin sürücü tərəfdən qapılarını vurmuşdur. Hadisə zamanı o, xəsarə alsa da, yanında olan bacısı oğlu Şahid Əhmədov xəsarət almamışdır. Səhhətinə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 750 manat ödənilmişdir. Avtomobil isə təmir olunmamış və hadisəni törədən şəxs ona maddi cəhətdən köməklik etməmişdir. Şəxs qarşı şikayətçi olduğunu bildirdi və ona dəymiş ziyanın ödənilməsini tələb etdi. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində zərərəçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 16 may 2022-ci il tarixli, 537 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər 14 may 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 19 may 2022-ci il tarixli, 8/1250 nömrəli rəyindən görünür ki, « 1. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən «Vaz 2107» minik markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur».
2. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən «Nissan Tiida» markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur». Məhkəmə Şəxs iki azyaşlı uşağının olmasını və ailəyə qazanc gətirən yeganə şəxs olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxs hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəydiyini, lakin hadisəni törədən şəxsin ona maddi cəhətdən yardım etmədiyini və hazırda onun tələbi olduğunu bildirsə də, tələbi ilə bağlı yazılı şəkildə ərizə təqdim etməmiş və sənədləri əlavə etməmişdir. Lakin Şəxs zərərçəkmiş şəxsin avtomobilinə dəymiş ziyanla bağlı köməklik etmək istədiyini, lakin sürücünün heç nə lazım olmadığını bildirərək imtina etdiyini qeyd etmişdir. Bu isə onu göstərir ki, Zərərçəkmiş şəxs tələbi olsa belə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mübahisə vardır. Buna görə məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Əkrəm Qəhrəmanov