Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1521/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Lənkəran rayonunun Havzova kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, Lənkəran rayonunun Havzova kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində faktiki yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 535 və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis polis kapitanı X2 tərəfindən Şəxs İXM-nin 535 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs X2 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qala yolunda yol polis əməkdaşlarının əmrinə tabe olmayıb idarə etdiyi mopedi saxlamayaraq daha da sürətləndirmiş, YPX əməkdaşları tərəfindən saxlandıqda isə onlara müqavimət göstərmiş və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, kuryer kimi idarə etdiyi mopedlə qida çatdırma ilə məşğuldur. xx.xx.2025-ci il tarixdə Qala yolunda yol polis əməkdaşlarının əmrinə əsasən idarə etdiyi mopedi gec də olsa saxlamışdır. Gec saxlamasının səbəbi digər maşınlara təhlükə yaratmaması olmuşdur. YPX əməkdaşları ondan sürücülük vəsiqəsi tələb etdikdə idarə etdiyi mopedə vəsiqə lazım olmadığını bildirdikdə YPX əməkdaşları onu zorla öz maşınlarına oturtmağa çalışmış, buna etiraz etdikdə isə barəsində tədbir görəcəkləri ilə hədələmişlər. Eyni zamanda Şəxs bildirmişdir ki, polis əməkdaşlarına polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama, eləcə də ictimai qaydanı pozma hallarına onun tərəfindən yol verilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. İXM-nin 535-cu maddəsinin dispozisiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs tərəfindən ictimai qaydanın necə və nə cür pozulması, eləcə də məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilmir, bu barədə nə MN seriyalı ******* №-li xx.xx.2025-ci il tarixli protokolda, nə də ki digər sənədlərdə hər hansı bir formada əsaslandırma aparılmamış, məhkəmə iclasında da Şəxs İXM-nin 510 və 535-ci maddələri ilə inzibati xəta törədilməsinə dar əməllərinin mövcudluğu sübuta yetirilməmişdir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). Qeyd olunanlara əsasən Şəxs İXM-nin 535 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyindən onun inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 53.2, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 535 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyindən onun inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(003)-1521/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1521/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver