Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1522/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, şikayətçi X3, protokol tərtib edən şəxs Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X1 iştirakları ilə X3 Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər RPİ-nin 15 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək göstərdi ki, Xəzər RPİ-nin 15 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə yerin təkindən istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə əsasən 1500 manat miqdarında cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, yerin təkindən istifadə qaydası onun tərəfindən pozulmamışdır. 15 avqust 2022-ci il tarixdə yaşayış olan və hasara alınmış həyətdən daş qırıntılarının daşınması barədə sifariş almışdır. Həmin həyətdən daş qırıntılarını yığıb küçədə maşının üstünü tentlə bağlamaq istəyərkən polis əməkdaşları onun idarə etdiyi “Kamaz” yük markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamışlar. Onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmamış, ona protokolu imza etmək təklif olunmamış və o, protokolu imza etməkdən imtina etməmişdir. Sonradan cərimə olunmasını bilib qərarı əldə etmiş və dərhal məhkəməyə şikayət vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs X4 bildirdi ki, Bakı şəhəri Xəzər RPİnin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru vəzifəsində işləyir. 15 avqust 2022-ci il tarixdə “Kamaz” yük markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qala qəsəbəsində yerləşən “Oba” marketin yaxınlığında həyətyanı sahədən hovuz tikintisi ilə bağlı yerdən çıxarılmış mişar daşlarının qırıntıları yükləyib həyətdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma zamanı polis əməkdaşları müəyyən etmişlər ki, torpaq sahəsi sifarişçinin mülkiyyətindədir və bununla bağlı sənədlər təqdim olunmuşdur. Lakin sifarişçi ilə sürücü arasında daşıma ilə bağlı müqavilə olmamış, həmçinin sürücünün həmin qırıntılarla bağlı heç bir sənədi olmamışdır. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə olunmasına dair MN seriyalı ******* nömrəli, 15 avqust 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, “Kamaz” yük markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. 15 avqust 2022-ci il tarixdə Qala qəsəbəsində yerləşən “Oba” marketin yaxınlığında həyətyanı sahədən hovuz tikintisi ilə bağlı yerdən çıxarılmış qırıntıların daşınması barədə sifariş almışdır. X5 avtomobili idarə etmiş və onlar birlikdə həmin ünvana getmişlər. Qırıntıları yığıb avtomobillə həyətdən çıxmışlar və küçədə tenti bağlayarkən polis əməkdaşları onun avtomobilini saxlamışlar. Sonradan avtomobil xarab olduğu üçün orada qalmışdır. Həmin qırıntıları sifarişlə evlərin tikintisində və qamışlıq olan yerlərin doldurulmasında istifadə edirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 yerin təkindən istifadə qaydalarını pozmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, X5 yerin təkindən istifadə ilə əlaqədar işləri yerinə yetirməmiş və onun tərəfindən yerinə təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələbləri pozulmamışdır. Belə olan halda X5 oğlunun barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır. X3 əməlində inzibati xəta tərkibi olmadığına görə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X3 MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada alması barədə sənəd olmadığından və qərarı əldə etdikdən dərhal məhkəməyə şikayət verdiyindən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olunmasına dair Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati xəta tərkibi olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1522/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1522/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver