Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1524/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, EQ 28293914 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək EQ 28293914 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş, lakin müraciət müəllifi şikayətində yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) normalarına istinad etmiş və sözügüdən qərarın ləğv edilməsi üçün hər hansı bir əsas göstərməmişdir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edib təmin edilməsini xahiş edərək bildirmişdir ki, polis əməkdaşları ilə arasında yaranmış mübahisə ilə əlaqədar xx.xx.2025-ci il tarixdə postpatrul xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci şöbəsinə gətirilmiş və yalnız xx.xx.2025-ci il tarixdə buraxılmışdır. Bu səbəbdən onun idarə etdiyi nəqliyyat vasitəsini bir gün əvvəl saxladığı velosiped yolundan götürməsinə fiziki imkanı olmamışdır. Polis şöbəsindən çıxdıqdan dərhal sonra o, idarə etdiyi “BMW X5” markalı 77RO075 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini velosiped yolundan götürmüşdür. EQ 28293914 nömrəli, xx.xx.2025-ci il tarixli, saat 14.38-də inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “BMW X5” markalı 77RO075 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi velosiped yolunda dayandığına görə həmin nəqliyyat vasitəsinin sürücüsü X5 İXM-nin 346.7-ci maddəsinə (velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə) əsasən 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Sorğu əsasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci şöbəsindən alınmış məktubdan görünür ki, həqiqətən də X5 xx.xx.2025-ci il tarixdə post-patrul xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci şöbəsinə gətirilmiş və xx.xx.2025-ci il tarixdə saat 15.05-də buraxılmışdır. Tədqiq edilmiş sənədlərdən göründüyü kimi, EQ 28293914 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar saat 14.38-də tərtib edilmiş, X5 isə xx.xx.2025-ci il tarixdə post-patrul xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci şöbəsinə gətirilməklə növbəti gün, xx.xx.2025-ci il tarixdə saat 15.05-də, yəni elektron qərar qəbul edildikdən sonra buraxılmışdır. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (İXM-nin 53.1.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXMnin 105-ci maddəsi). Məhkəmə müraciət müəllifinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, EQ 28293914 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata X2 İXMnin 346.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə əməlində inzibati xəta tərkibi olmadığından İXM-nin 53.1.2-ci maddəsinə əsasən icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 53.1.2, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: EQ 28293914 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilsin EQ 28293914 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından İXM-nin 346.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(003)-1524/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1524/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver