Məhkəmə qərarları › İş №3(003)-1528/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1528/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1528/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, 25 yanvar 2024-cü il tarixdə FZ 733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs özü ilə gətirdiyi 1 ədəd "VERTU" markalı mobil telefonu 120 ABŞ dolları kimi bəyan etmək istəmiş və bu da həmin mobil telefonun qiymətində şübhələr yaratmışdır. Qeyd edilən mobil telefon araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Şəxs götürülmüş mobil telefon ekspertizadan keçirilməkdən ötrü, xx.xx.2024-cü il tarixli qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli 5/158-5/161- 9/976/2024 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş 1 ədəd "VERTU" markalı mobil telefon diaqnostika olunmuş, nəticədə müəyyən olunmuşdur ki, bu Çin istehsalı olan "S design Vertu" modelinə oxşar nüsxəsinin korpusdakı seriya nömrəsi bu cihazın daxili sistemindəki sistem İMEİ kod ilə uyğun gəlmir, ümumiyyətlə material yığılması və telefon menyuları original Vertu modellərin spesifikasiyalarına uyğun gəlmir. Qeyd olunan mobil telefonun xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti təxminən 200 manat müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 00800-00493/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş 01 ədəd “VERTU S-241030” markalı arxa məlumat lövhəsinə görə “Signature” modelli proqram təminatına görə “**********02300” İMEİ kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. 2. Təqdim edilmiş 01 ədəd “VERTU S-241030” markalı arxa məlumat lövhəsinə görə “Signature” modelli mobil telefonun proqram təminatında olan “İMEİ” kod arxa məlumat lövhəsində olan İMEİ kodla fərqlidir. 3.Təqdim olunan telefonda olan əmtəə nişanı 1457634-vertu nömrəli beynəlxalq nömrəli beynəlxalq qeydiyyatda olan əmtəə nişanı ilə eynidir. 4. Açılmadan (sökülmədən) cihazın diaqnostikası olundu. Nəticədə müəyyən edilib ki, bu çin istehsalı olan "S design Vertu" modelinə oxşar nüsxəsinin korpusdakı seriya nömrəsi bu cihazın daxili sistemindəki sistem imei kod ilə uyğun gəlmir. Ümumiyyətlə, material yığılması və telefon menyuları original Vertu modellərin spesifikasiyalara uyğun gəlmir. 5. Respublikada yerləşən mobil telefon satışı mağazalarında, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş qeydiyyatı və zəmanəti olmayan 01 (bir) ədəd "VERTU S-241030" markalı arxa məlumat lövhəsinə görə "Signature" modelli mobil telefonun xx.xx.2024-cu il tarixə orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Vertu” brendinin standartlarına cavab verməyən, dəyəri 200 manat təşkil edən saxta mobil telefonu ölkə ərazisinə gətirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, nəzərə alaraq, Şəxs barəsində müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə və cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin və inzibati xətanın bilavasitə obyekti olan İMEİ kodu **********02300 olan, "VERTU S-241030" markalı, mobil telefon müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar