Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1529/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, 25 yanvar 2024-cü il tarixdə FZ 733 saylı Dubay-Bakı aviarevsi gələn Şəxs özü ilə gətirdiyi 1 ədəd “Vertu” markalı mobil telefonu 120 ABŞ dolları kimi bəyan etmək istəmiş və bu da həmin mobil telefonun qiymətində şübhələr yaratmışdır. Qeyd edilən mobil telefon araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür.Şəxs götürülmüş mobil telefon ekspertizadan keçirilməkdən ötrü, xx.xx.2024-cü il tarixli qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli 5/156-5/159-9/974/2024 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş 1 ədəd “Vertu” markalı mobil telefon diaqnostika olunmuş, nəticədə müəyyən olunmuşdur ki, bu Çin istehsalı olan “S desing Vertu” modelinə oxşar nüsxəsinin korpusdakı seriya nömrəsi bu cihazın daxili sistemindəki sistem İMEİ kod ilə uyğun gəlmir, ümumiyyətlə material yığılması və telefon menyuları original Vertu modellərin spesifikasiyalarına uyğun gəlmir. Qeyd olunan mobil telefonun xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti təxminən 200 manat müəyyən edilmişdir.Barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə FZ733 saylı Dubav-Bakı aviarevsi ilə gələrkən oradan 120 ABŞ dollarına şəxsi istifadəsi üçün aldığı 1 ədəd orijinal olmayan “Vertu” markalı mobil telefonu özü ilə gətirmiş, Bakı Beynəlxalq Hava Limanına çatdıqdan sonra T1 Terminalının gəliş zalında bu mobil telefonu bəyan etmək istəmiş, orada öz xidməti vəzifələrini icra edən gömrük orqanı əməkdaşına bu mobil telefonun orijinal olmadığını və mobil telefon üçün 120 ABŞ dolları məbləğində ödəniş etdiyini və bu mobil telefonun həmin qiymət əsasında rəsmiləşdirilməsini istəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 25 yanvar 2024-cü il tarixli “yoxlama. əşyaların və sənədlərin götürülməsi” haqqında protokoldan görünür ki, 25 yanvar 2024-cü il tarixdə FZ 733 saylı Dubay-Bakı aviarevsi gələn Şəxs özü ilə gətirdiyi 1 ədəd “Vertu S-241030” markalı mobil telefonu 120 ABŞ dolları kimi bəyan etmək istəmiş və bu həmin telefonun qiymətində şübhələr yaratmışdır. Bu səbəbdən qeyd edilən mobil telefon araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Vertu S-241026” markalı arxa məlumat lövhəsinə görə “Signature” modelli proqram təminatına görə “**********3208” İMEİ kodlu mobil telefon və 01 ədəd “Vertu S-241022” markalı arxa məlumat lövhəsinə görə “Signature” modelli proqram təminatına görə “**********3208” İMEİ kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd “Vertu S-241026” markalı arxa məlumat lövhəsinə görə “Signature” modelli və 01 ədəd “Vertu S-241022” markalı arxa məlumat lövhəsinə görə “Signature” modelli mobil telefonların proqram təminatlarında olan İMEİ kod arxa məlumat lövhəsində olan İMEİ kodla fərqlidir. Təqdim edilmiş telefonlarda olan əmtəə nişanı 1457834- ertu nömrəli beynəlxalq nömrəli beynəlxalq qeydiyyatda olan əmtəə nişanı ilə eynidir. Açılmadan cihazın diaqnostikası nəticəsində müəyyən edilmişdir ki, bu Çin istehsalı olan “S desing Vertu” modelinə oxşar nüxsənin korpusdakı seriya nömrəsi bu cihazın daxili sistemindəki sistem İMEİ kod ilə uyğun gəlmir. Ümumiyyətlə material yığması və telefon menyularının orjinal Vertu modelinin spesifikasıyasına uyğun gəlmir. Hər iki telefonun xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 200 manat müəyyən edilmidşdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.Məcəllənin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 25 yanvar 2024-cü il tarixdə Dubay-Bakı aviareysi gələn Şəxs özü ilə gətirdiyi 1 ədəd “Vertu” markalı mobil telefonunu 120 ABŞ dolları kimi bəyan etmək istəmişdir. Bu səbəbdən araşdırılma məqsədi ilə həmin telefon ondan götürülmüş və kompleks məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Həmin “Vertu” markalı mobil telefon diaqnostika olunmuş, nəticədə Çin istehsalı olan “S desing Vertu” modelinə oxşar nüsxəsinin korpusdakı seriya nömrəsi bu cihazın daxili sistemindəki sistemin İMEİ kodu ilə uyğun gəlmədiyi, ümumiyyətlə material yığılması və telefon menyularının orijinal Vertu modellərin spesifikasiyalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Qeyd olunan mobil telefonun xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti təxminən 200 manat müəyyən edilmişdir. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsi inzibati məsuliyyət yaradır. Məhkəmə qeyd edir ki, İXM-nin 448-ci maddəsi ticarət qaydaları əleyhinə olan inzibati xətalar fəslində yerləşir. Mövcud qanunvericiliyə əsasən ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsi 25 yanvar 2024-cü il tarixdə törədilmişdir. Lakin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə tərtib edilmiş və ona əlavə edilmiş sənədlər 05 iyul 2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi inzibati material baxılması üçün məhkəməyə daxil olmamış artıq İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə müddəti keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs inzibati tənbeh vermə müddəti keçdiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.1.6cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 01 ədəd “Vertu S- 241026” markalı arxa məlumat lövhəsinə görə “Signature” modelli proqram təminatına görə “**********3208” İMEİ kodlu mobil telefon qərar qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə alınsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1529/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1529/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver