Məhkəmə qərarları › İş №3(003)-153/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-153/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-153/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ HakimƏkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X12, Şəxs (bundan sonra Şəxs MMC) təsisçisi X6 iştirakları ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin) 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X27 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X24 tərəfindən 18 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, X9 və digərləri (8 nəfər) müvafiq olaraq 01 sentyabr 2021-ci il və 01 oktyabr 2021-ci il tarixindən 05 noyabr 2021-ci il tarixinədək müəssisənin Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Partizan Məmməd küçəsində fəaliyyət göstərən ünvanında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında X27 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X25 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və Şəxs MMC-nin tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin təsisçisi X13 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərdi ki, 2021-ci ilin noyabr ayında Sabunçu rayonu Balaxanı qəsəbəsi Partizan Məmməd küçəsində icarədar X19 məxsus yaşayış sahəsində Şəxs MMC-nin nəzdində Uşaq Təlim-Tədris Ocağı qurulmuşdur. İcarədarın təkidi ilə ona yaxın olan X9 həmin Təlim-Tədris Ocağına idarəçilik üzrə qrup rəhbəri təyin olunmuşdur. Təlim-Tədris Ocağı tam hazır olmadığından idarəçiliyi həvalə olunmuş Pərnaz Əliyeva ilə aralarında xidməti müqavilə bağlanmışdır. Digər iş icraçıları ilə də göstərilən səbəblərdən xidməti müqavilə bağlanmışdır. Xidməti müqavilə bağlanan iş icraçıları təlim-tədrislə bağlı peşəkar fəaliyyətlə məşğul olan şəxslərdir. Tədris Ocağının natamam fəaliyyəti ümumilikdə 1 ay davam etmişdir. Bu 1 ay müddətində isə icarədar tərəfindən Tədris Ocağına səbəbsiz müdaxilələr başlanmışdır. Daha sonradan kənar şəxs tərəfindən Pərnaz Əliyevanın qanunsuz əməlləri barədə ona məlumat verilmişdir. Dərhal müəssisəyə gedib ondan baş verənlərlə bağlı izahat tələb etmişdir. Məlum olmuşdur ki, Pərnaz Əliyeva iş icraçılarından Təlim-Tədris Ocağında yarımçıq qalan işləri tamamlamaq üçün köməklik məqsədi ilə ayrıayrı məbləğlərdə pullar almışdır. Qeyd olunan məsələni Pərnaz Əliyeva özünün dəsti-xətti ilə yazmaqla təsdiq etmişdir. Onun tərəfindən Pərnaz Əliyevadan iş icraçılarından aldığı pulların qaytarılması tələb olunmuşdur. Bundan sonra icarədar məsələyə müdaxilə etmiş, tanımadığı şəxslərlə müəssisəyə gələrək obyekti boşaltmağı tələb etmişdir. Sonradan məlum olmuşdur ki, icarədar onun xəbəri olmadan şirkətə ekspress poçt vasitəsi ilə də obyektin boşaldılması barədə məktub göndərmişdir. Məhz icarədarın təzyiqi ilə obyekt boşaldılaraq ona təhvil verilmişdir. Obyekti təhvil alan icarədar iş materiallarında adları olan şikayətçilər də daxil olmaqla Pərnaz Əliyevanın adından şikayət ərizəsi hazırlanaraq ayrı-ayrı dövlət qurumlarına göndərilmişdir. Həmin məsələ ilə bağlı hazırda Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır. Eyni zamanda başda Pərnaz Əliyevanın adı qeyd olunmaqla digər iş icraçılarının da adından şikayət ərizəsi X27 Xidmətinə göndərilmişdir. Belə ki, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində inzibati icraat başlanılmış və idarəyə dəvət olunmuşdur. Əmək müfəttişinə rəsmi olaraq zəruri olan bütün sənədlər əlavə olunmaqla məlumat təqdim edilmişdir. Təyin olunan iclasda ümumiyyətlə araşdırma aparılmamış və nəticədə kifayət qədər prosessual pozuntulara yol verilməklə, təqdim olunan sübutlar düzgün və obyektiv qiymətləndirilməməklə hüquqi şəxsin və onun barəsində protokol tərtib olunmuş, hüquqi şəxlə bağlı protokola baxılması məhkəməyə göndərilmişdir. Aşağıdakılara əsasən hüquqi şəxs barədə tərtib olunan protokolu qanunsuz və əsassız hesab edir, ona görə də etirazı qəbul olunaraq işdə inzibati xəta hadisəsi mövcud olmadığından, icraata xitam verilməlidir. Birincisi, müəssisədə xidmət göstərən şəxslərlə bağlanan xidməti müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsində nəzərdə tutulmuş mülki hüquqi xarakterli tapşırıq müqavilələridir. Qanunvericiliyin tələbinə görə işəgötürən peşəkar fəaliyyətlə bağlı iş icraçıları ilə mülki hüquqi müqavilələr bağlaya bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsinin normaları şamil edilmir. ”Göründüyü kimi, işəgötürənlə xidməti münasibətə daxil olan şəxs niyyət olaraq onunlra hansı əqdin bağlandığını dərk edir, üzərinə icraçı olaraq hər hansı işləri yerinə yetirmək öhdəliyini götürür və göstərdiyi xidmətin müqabilində xidmət haqqı alır. Digər tərəfdən də iş icraçıları ilə bağlanan müqavilələr həmin şəxslərin peşəkar fəaliyyətinə əsaslanır. Yəni Qanunla həmin şəxslərlə bağlanan mülki hüquqi müqavilələr tam qanunidir. X32 Xidməti müqavilələri nəzərə almamış, şikayətçi olan şəxslərin əmək müqaviləsi bağlanmadan işə cəlb olunması kimi qiymətləndirərək, İnzibati Xətalər Məcəlləsinin 192.1-ci maddəsini işə tətbiq etməklə hüquqi şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi qənaətinə gəlmiş və hazırkı qanunsuz və əsassız protokolu tərtib edib, eyni tarixli qərardadla iş materiallarını baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərmişdir. İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən “işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir”. Halbuki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinin tələbinə görə bu Məcəllənin tələbləri mülki hüquqi müqavilələrə şamil edilmir. İş materiallarında olan sübutlardan görünür ki, işəgötürənlə iş icraçıları arasında xidməti münasibətləri tənzimləyən Tapşırıq Müqavilələri bağlanmışdır. Tapşırıq Müqavilələrini imzalayan iş icraçıları mahiyyət etibarı ilə müqavilənin xidməti olduğunu, məhz icraçı qismində mülki hüquqi müqavilələrin bağlandığını bilmiş və niyyət etibarı ilə həmin əqd üzrə xidmət haqqı müqabilində müəyyən işləri icra edəcəklərinə dair öhdəliklərlə razılaşmışlar. Bununla da tərəflər arasında mülki hüquqi münasibətlər yaranmışdır. Belə olan halda narazı qalan müqavilə tərəfi Mülki Qanunvericiliyin tələblərinə uyğun mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdirlər. Göründüyü kimi, işin hallarına uyğun olaraq Əmək Məcəlləsinin tələblərinin hazırkı xidməti münasibətlərə tətbiq edilməsi yolverilməzdir. X32 Xidməti Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 - 2-4 maddələrinin tələblərinə əsaslanaraq hesab etmişdir ki, sözügedən şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Hesab edir ki, X42 Qanunvericiliyinin qeyd olunan normalarını düzgün təfsir etməmiş və nəticədə düzgün və ədalətli olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin Məcəllənin qeyd olunan 2-3-cü maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda, 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə, 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda, 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda, 2- 3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə, 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda,2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Yuxarıda göstərilən normalardan göründüyü kimi, bu Məcəllənin 2-4cü maddəsinin tələbinə əsasən, bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslansaq belə, yenə də sözügedən maddi normalarda cəza təyin edilməsi üçün protokolun tərtib edilməsi nəzərdə tutulmur. Belə hallar aşkar olunduğu halda əmək müqaviləsinin bağlanmasının təmin edilməsi barədə işəgöğtürənə xəbərdarlıq olunur. Halbuki, yuxarıda qeyd etdiyi kimi göstərilən normalarda sadalanan hallar işin faktiki hallarından tam fərqlidir. Bundan başqa, xidmət göstərən şəxslər birmənalı şəkildə peşəkar fəaliyyətlə məşğul olan, iş öhdəlikləri peşəkar xidmətə əsaslanan fiziki şəxslərdir ki, işəgötürənlə icraçı arasında hüquqi münasibətlər xidməti müqavilənin bağlanması ilə tənzimlənir. Digər tərəfdən, Əmək Müfəttişinin qənaətindən fərqli olaraq, Vergi Məcəlləsinin və Sosial sığorta haqqında Qanunun normalarında xidməti müqavilələrin bağlanmasından yaranan öhdəlikləri tənzimləyən müddəalar onları haqlı olduqlarını tam təsdiq edir. Belə ki, vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanında uçotu olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanılarkən həmin xidmətlərə görə aparılan ödənişlərin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunmuş güzəşt (2019-cu il üzrə 200 manat) nəzərə alınmadan ödəmə mənbəyində Məcəllənin 101.1-ci maddəsinə əsasən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanır. Vergi "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi" ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödənilməlidir. "Sosial sığorta haqqında" Qanunun 14.5-ci maddəsində göstərilir ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı: mülki - hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında ödənilir. Qanunvericiliyin göstərilən normalarının hüquqi mənasından görünür ki, tərəflərindən iş icraçıları ilə bağlanan mülki hüquqi müqavilələr tam qanunidir ona görə ki, həmin şəxslər razılaşdırılmış haqq müqabilində işin nəticəsinə təminat vermədən, lakin üzərlərinə götürülən öhdəliklərin icrasına vəzifə və hüquq baxımından məsuliyyət daşımaqla peşəkar fəaliyyətlə bağlı xidmət göstərməklə onlara həvalə olunan işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Bu halda onlarla bağlanan xidməti müqavilələr Qanunvericiliyin tələblərinə tam uyğundur. Əgər qanunun hüquqi mənası elə olmasaydı, o halda xidmət göstərənlərdən həm vergi, həm də sosial sığorta haqlarının göstərilən faiz dərəcəsi ilə Vergi Məcəlləsinin və Sosial sığorta haqqında Qanunun tələbinə uyğun tutulması qanuna uyğun olmazdı, Bir halda ki, sözügedən Məcəllə və Qanun işəgötürənlərə bu hüququ verir, bu vəziyyətdə Əmək Müfəttişliyinin iş üzrə gəldiyi qənaət qanuni hesab edilə bilməz. İşin göstərilən halları qanunvericiliyin qeyd olunan normalarına uyğun tam sübut edir ki, hazırkı məsələ üzrə heç bir inzibati xəta hadisəsi baş verməmiş, tərtib olunan protokol isə qanunsuz və əsassız olmuş, Əmək Müfəttişliyinin gəldiyi nəticə yeni sahibkarlıq fəaliyyətinə başlayan bir hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin maddi sığıntılarala məhdudlaşıdrılmasına xidmət edir. İşin bu halı həm qanunçuluq, həm ədalət, həm də Dövlətin humanizm prinsiplərinə ziddir. Dövlət Sahibkarlığın inkişafına təminat verir.Digər tərəfdən baxmayaraq ki, işəgötürən olaraq təmsil etdiyi hüquqi şəxsin hərəkətlərində inzibati xəta hadisəsi mövcud deyildir, hətta inzibati xəta hadisəsi baş vermiş olsaydı belə, ilk dəfə bu xətanı törədən şəxslərə protokol tərtib olunmaqla cəza tətbiq edilməsi qanunla yolverilməzdir. Qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərinə uyğun olaraq işin hallarına əsaslanaraq hesab edir ki, Əmək müfəttişliyinin tərtib etdiyi protokol əsassız və qanunsuzdur. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. X27 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin və Şəxs MMC-nin təsisçisinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixli 06 saylı əmrin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Partizan Məmməd küçəsində “Ümid” Təhsil Akademiyasının yanında “Ümid” Uşaq Təlim-Tədris Ocağı yaradılmış, qrup rəhbəri vəzifəsi müvəqqəti olaraq X7 həvalə edilmiş, X9, X20, X8 ilə bağlanan 01 sentyabr 2021-ci il tarixli tapşırıq müqavilələri təsdiq edilmiş, Təlim-Tədris Ocağına hazırlıq işləri nəzərə alınaraq tapşırıq müqavilələri üzrə işə başlama və xdimət haqqı 01 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixli tapşırıq müqavilələrinin surətindən görünür ki, X1-Tədris Ocağına qrup rəhbəri, X20 tərbiyəçi vəzifəsinə və X8 tədris müəllimi kimi 01 sentyabr 2021-ci il tarixdən 01 (bir) il müddətinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Şəxs MMC-nin icraçı direktoru X14 (icarəçi) X30 (icarəyəverən) Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Partizan Məmməd küçəsində yerləşən fərdi yaşayış evini 02 (iki) il müddətinə icarəyə götürür. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2021-ci il tarixli 07 saylı əmrin surətindən görünür ki, X4, X10, X21, X18 və X22 ilə mülki hüquqi tapşırıq müqavilələri təsdiq edilmiş, tapşırıq müqavilələri üzrə işə başlama və xidmət haqqı 01 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2021-ci il tarixli tapşırıq müqavilələrinin surətindən görünür ki, X4, X10, X21 və X2-Tədris Ocağına tərbiyəçi vəzifəsinə və X22 tədris müəllimi kimi 01 oktyabr 2021-ci il tarixdən 01 (bir) il müddətinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş 05 noyabr 2021-ci il tarixli 08 saylı əmrin surətindən görünür ki, X9, X20, X4, X10, X21, X8, X18 və X22 ilə bağlanan 01 sentyabr 2021-ci il və 01 oktyabr 2021-ci il tarixli mülki hüquqi xarakterli tapşırıq müqavilələrinə xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür: Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məhkəmədə müəyyən olundu ki, 01 sentyabr 2021-ci il tarixli 06 saylı əmrin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Partizan Məmməd küçəsində “Ümid” Təhsil Akademiyasının yanında “Ümid” Uşaq Təlim-Tədris Ocağı yaradılmış, həmin tarixdə X1-Tədris Ocağına qrup rəhbəri, X20 tərbiyəçi vəzifəsinə və X8 tədris müəllimi kimi 01 sentyabr 2021-ci il tarixdən 01 (bir) il müddətinə işə qəbul olunmuşdur. 01 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Şəxs MMC-nin icraçı direktoru X14 (icarəçi) X15 (icarəyəverən) Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Partizan Məmməd küçəsində yerləşən fərdi yaşayış evini 02 (iki) il müddətinə icarəyə götürür. 01 oktyabr 2021-ci il tarixdə X4, X10, X21, X18 və X22 ilə bağlanmış mülki hüquqi tapşırıq müqavilələri təsdiq edilmiş, tapşırıq müqavilələri üzrə işə başlama və xidmət haqqı 01 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. 01 oktyabr 2021-ci il tarixdə X4, X10, X21 və X2-Tədris Ocağına tərbiyəçi vəzifəsinə və X22 tədris müəllimi kimi 01 oktyabr 2021-ci il tarixdən 01 (bir) il müddətinə işə qəbul olunmuşdur. 05 noyabr 2021-ci il tarixdə X9, X20, X4, X10, X21, X8, X18 və X22 ilə bağlanan 01 sentyabr 2021-ci il və 01 oktyabr 2021-ci il tarixli mülki hüquqi xarakterli tapşırıq müqavilələrinə xitam verilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC ilə işçilər arasında bağlanmış tapşırıq müqavilələrindən aydın olur ki, cəmiyyətlə işçilər arasında bağlanmış müqavilələr əmək müqaviləsinin tələblərini əks etdirir. Lakin Şəxs MMC tərəfindən həmin müqavilələr tapşırıq müqaviləsi kimi rəsmiləşdirilmişdir. Şəxs MMC təsisçisi X6 məhkəmə iclasında “Təlim-Tədris Ocağı 01 oktyabr 2022-ci il tarixdən fəaliyyət göstərmişdir” izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş materiallarına əlavə edilmiş ödənişsiz təlim-tədrisə dair qəbul vərəqəsindən görünür ki, Şirvanzadə Nuray, Nurlan İbrahimli və Saleh Rüstəmov 01 sentyabr 2021-ci il tarixdə ödənişsiz qəbul edilmişdir. Belə olan halda Təlim-Tədris Ocağının 01 sentyabr 2021-ci il tarixdən fəaliyyət göstərdiyi, eyni zamanda X5, X11 və X3 həmin tarixdən orada işlədikləri müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs MMCnin Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 25, 40, 43, 114, 115, 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar